Polşa artıq bir neçə ildir ki, Xəzər dənizi ölkələri ilə, o cümlədən Azərbaycanla iqtisadi əməkdaşlığı möhkəmləndirmək və yeni işgüzar əlaqələr qurmaqla gücləndirməyə çalışır.
FED.az xəbər verir ki, bunu Polşanın Baş Naziri Mateuş Moravetski "Caspian Energy" jurnalına verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, coğrafi uzaqlığa baxmayaraq, ölkələr arasında sıx ticarət və texnoloji əməkdaşlıq, habelə hər iki ölkənin şirkətləri arasında daha sıx əlaqələr mümkündür.
"Polşa şirkətlərinin Azərbaycan və əksinə – Azərbaycan şirkətlərinin Polşa bazarında təqdim etdiyi imkanlardan daha effektiv istifadə etməsini istərdim", - deyə M. Moravetski qeyd edib.
O həmçinin əlavə edib ki, müxtəlif sahələrdə fəaliyyət göstərən Polşa sahibkarları Azərbaycan istehlakçılarının və iş ortaqlarının tələblərinə cavab verən yüksək keyfiyyətli məhsullar təklif edir: "Biz iqtisadiyyatımızı son yeniliklərə uyğunlaşdırmağa çalışaraq gələcəyə baxırıq. Polşa da Azərbaycan kimi rəqəmsal transformasiya və müasir kənd təsərrüfatı ilə maraqlanır. Biz də iqtisadiyyatımızı rəqəmsallaşdırmağa çalışırıq".
apa