Polşa Azərbaycanla bütün sahələrdə ikitərəfli əlaqələrin intensivləşdirilməsində maraqlıdır, çünki Azərbaycan Polşa üçün Cənubi Qafqazda çox mühüm tərəfdaşdır.
Bu barədə Polşa Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Polşa Avropa ilə Çini birləşdirən yolda yerləşən Azərbaycanda böyük nəqliyyat və sənaye mərkəzlərinin yaradılmasında maraqlıdır: “Polşa ilə Azərbaycan arasında əməkdaşlıq Xəzər dənizi komponenti də daxil olmaqla, ABC-yəni Adriatik, Baltik və Qara dəniz əməkdaşlıq konsepsiyasına uyğundur. Polşa Avropaya qaz təminatı resurslarının diversifikasiyasının artırılmasına təkan verəcək Cənub Qaz dəhlizi layihəsini dəstəkləyir. Biz həmçinin TAP və TANAP layihələrinin həyata keçirilməsi də daxil olmaqla, bu istiqamətdə işlərin aparılmasında maraqlıyıq. Polşa Xəzər regionundan qaz almaq imkanından yararlanmaqda maraqlıdır. Bizim region çox böyük idxal potensialına və inkişaf etməkdə olan qaz bazarına malikdir".
Polşa XİN-dən həmçinin bildiriblər ki, iki ölkə arasındakı əməkdaşlığın prioritet sahələri kənd təsərrüfatının inkişafı, ətraf mühitin qorunması və məcburi köçkünlərə dəstəkdir.
Nazirlikdən gələn il Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovun Polşaya, Polşanın xarici işlər naziri Vitold Vaşikovskinin isə Azərbaycana səfərinin nəzərdə tutulduğu də bildirilib.