Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 164 589,80 min ABŞ dolları dəyərində pambıq ixrac olunub.
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 10,7% artıb.
Cari ilin ilk altı ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,89%-ə bərabər olub.
Hesabat dövründə ölkədən 138 680,96 min dollar dəyərində 59 211,70 ton pambıq lifi ixrac olunub. Bu rəqəmləri nəzərə alanda pambıq emalı şirkətləri xaricə pambıq lifinin hər tonunu orta hesabla 2 342 dollara və ya kiloqramını 2,3 dollara və ya 3,98 manata satırlar.
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisə etdikdə ixrac olunan pambıq lifinin ümumi dəyəri 12,8% artıb, həcmi isə 27,3% azalıb.
Cari ilin yanvar-iyun ayları ərzində ölkədən 24 859,54 min dollar dəyərində (artım 5,2%) 5 940,82 ton (azalma 29,4%) iplik pambıq ixrac olunub.
Pambıq idxalının dəyəri 2 714,82 min dollar olub ki, bu da ötən ilin müvafiq göstəricisindən 4,5% çoxdur. Bu ilin ilk altı ayı üzrə pambığın ümumi idxalda xüsusi çəkisi 0,04% təşkil edib. (Apa)