“İxrac İcmalı”nın aprel sayı təqdim olunub.
Eləcə də bax: Nazir: "Qeyri-neft ixracındakı 40%-lik tempi həmişə saxlaya bilməyəcəyik"
2022-ci ilin yanvar-mart ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 28,5% artaraq 124,9 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 10 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 63,9%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 48,7%, pambıq iplik ixracı 29,3%, pambıq lifi ixracı isə 5,6% artıb.
2022-ci ilin yanvar-mart ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (72,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (53,2 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı (39,5 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2022-ci ilin yanvar-mart ayları ərzində Türkiyəyə 255,2 milyon ABŞ dolları, Rusiya Federasiyasına 149,4 milyon ABŞ dolları, Gürcüstana 47,4 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 33,3 milyon ABŞ dolları və ABŞ-a isə 28,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2022-ci ilin mart ayı üzrə ixrac 2 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 55,9% təşkil etməklə 265,5 mln ABŞ dolları olub. 2022-ci ilin mart ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 13,6% artaraq 48,8 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 70,1% artaraq 216,7 milyon ABŞ dolları təşkil edib.
2022-ci ilin mart ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (101,9 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Rusiya Federasiyası ikinci (30,4 milyon ABŞ dolları) və Gürcüstan üçüncü (19,3 milyon ABŞ dolları) olub.
2022-ci ilin mart ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (23,9 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (21,1 milyon ABŞ dolları) ikinci və polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (18,6 milyon ABŞ dolları) üçüncü olub.
“İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-mart aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
2022-ci ilin yanvar-mart ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “P-Aqro” MMC, “Aqrovest” MMC, “Çinar Aqro” MMC, “Mors Trading” MMC, “STP Alüminium” MMC, “Product Service” MMC, “ZR-78 Company” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “Azərenerji” ATSC, Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “AzerGold” QSC, “Azəripək” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Geofizika və Geologiya İdarəsi”, Naxçıvan MR Dövlət Energetika Xidməti.
2022-ci ilin yanvar-mart aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 31 ölkəsinə 6,2 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 86 faizini təşkil edib. 2022-ci ilin mart ayında isə “Azərkosmos” ASC dünyanın 30 ölkəsinə 2,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2022-ci ilin yanvar-mart ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 1,6 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,1 milyon ABŞ dolları ilə Fransa, 1,1 milyon ABŞ dolları ilə Lüksemburq, 0,6 milyon ABŞ dolları ilə BƏƏ və 0,4 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.
2022-ci ilin mart ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 158,5 milyon manat təşkil edib. 2022-ci ilin yanvar-mart aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 549,7 milyon manatlıq əməliyyat aparıblar.
2022-ci ilin yanvar-mart aylarında Azexport.az portalına 132,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2022-ci ilin mart ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 48,7 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin mart ayında Azexport.az portalına edilən ixrac sifarişlərinin tərkibində toyuq tibbi tənzif, zəli, tikinti materialları, tütün, buğda unu, qarğıdalı yağı, günəbaxan yağı, kartof, çiyələk və s. məhsullar üstünlük təşkil edib. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 31 mart tarixinə kimi (63 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,94 milyard ABŞ dolları təşkil edib.
Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, 2022-ci ilin aprel ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 29,2 milyon ABŞ dolları olub.