Rüb ərzində manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-mart ayları üzrə Pul siyasəti icmalında öz əksini tapıb.
Sənəddə qeyd olunub ki, valyuta bazarında tələb-təklif nisbətindən asılı olaraq 2017-ci ilin I rübündə manatın məzənnəsinin dinamikasında bir neçə dəfə qalxıb-enmə müşahidə edilib.
“Yanvar və fevral ayının birinci yarısında bahalaşan ABŞ dolları fevral ayının ikinci yarısından nisbətən ucuzlaşmağa başlayıb. 2016-cı ilin sonuna ABŞ dollarının manata qarşı məzənnəsi 1,7707 manat səviyyəsində olubsa, 01.02.17 tarixində özünün dövr üzrə maksimum həddinə - 1,9200 manata qalxıb, 27.03.17 tarixində isə minimum həddinə - 1,7200 manata enib. 2017-ci ilin I rübünün sonuna manata nəzərən ABŞ dolları 2,6% ucuzlaşıb. Rüb ərzində 1 ABŞ dollarının manata qarşı orta günlük məzənnəsi isə 1,7848 manat təşkil edib”, - deyə Pul Siyasəti İcmalında qeyd olunub.
Sənəddə o da bildirilib ki, rüb ərzində ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. Belə ki, manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 3,6% bahalaşıb: “NEM-nin 0,4% ucuzlaşması REM-ə azaldıcı, tərəfdaş ölkələrlə inflyasiya fərqləri isə artırıcı təsir edib”.