2023-cü ilin dekabrında illik inflyasiya hədəf diapazonunun aşağı hissəsində formalaşıb.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”na istinadən xəbər verir.
Qlobal iqtisadi proseslər, ticarət tərəfdaşlarından idxal olunan inflyasiyanın səngiməsi və ölkədə həyata keçirilən antiinflyasiya siyasəti inflyasiyanın azalmasına zəmin yaradıb. İstehlak Qiymətləri İndeksi (İQİ). DSK-nın məlumatına əsasən 2023-cü ilin dekabrında illik inflyasiya (2023-cü ilin dekabr ayı 2022-ci ilin dekabr ayına nəzərən) 2.1% təşkil etmişdir. Orta illik inflyasiya (2023-cü ilin yanvar-dekabrı 2022-ci ilin yanvar-dekabrına nəzərən) isə 8.8% olub.
Ərzaq məhsulları üzrə illik inflyasiya dekabrda 0.8%, orta illik inflyasiya isə 9.6% olub. Qeyri-ərzaq məhsulları dekabrda keçən ilin müvafiq ayına nəzərən 2.7% bahalaşmışdır. Orta illik qeyri-ərzaq məhsulları inflyasiyası isə 8.4% təşkil edib. Dekabrda illik xidmət inflyasiyası 3.7%, orta illik xidmət inflyasiyası isə 8.2% təşkil edib.
Ötən ilin sonu ilə müqayisədə illik inflyasiya 12.3 f.b. azalıb. Bu azalmanın 7.9 f.b. ərzaq, 2.3 f.b. xidmət, 2.1 f.b. isə qeyri-ərzaq inflyasiya tempinin azalması hesabına olub.