“Yaşıl Qarabağ” layihəsi məşğulluğa da müsbət təsir göstərib.
FED.az xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Yaşıl nəqliyyat biznesi : imkanlar və perspektivlər" mövzusunda keçirilən ictimai müzakirə zamanı səsləndirib.
Orxan Məmmədov bildirib ki, “Yaşıl Qarabağ” layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində elektrik skuterlərin istifadəsi təmin olunub və bu təşəbbüs yalnız ekoloji deyil, həm də sosial baxımdan, xüsusilə məşğulluğa müsbət təsir edib.
KOBİA rəhbəri layihənin gələcəkdə Xankəndi və işğaldan azad olunmuş digər şəhərlərdə də mərhələli şəkildə həyata keçirilməsinin planlaşdırıldığını qeyd edib. Onun sözlərinə görə, yaşıl iqtisadiyyata keçidə dəstək məqsədilə bu günə qədər 27 sahibkarlıq təşəbbüsünə 450 min manatdan çox qrant ayrılıb. Ətraf mühitin qorunması və alternativ enerji imkanlarının genişləndirilməsi məqsədilə “Yaşıl enerji və təmiz ətraf mühit” mövzusunda ictimai müzakirələr də keçirilib.
Sədr həmçinin əlavə edib ki, "KOBİA-nın təşəbbüsü ilə COP29 çərçivəsində irəli sürülmüş “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə” artıq 20-yə yaxın yerli və beynəlxalq təşkilat tərəfindən dəstəklənir".