2016-cı ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 11,6%, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,4%, qeyri-ərzaq məhsullarının qiymətləri 16,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,4% artıb.
Dövlət Statistika Komitəsindən Fed.az-a verilən məlumata görə, 2016-cı ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,3%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,3%, qeyri-ərzaq məhsullarının qiymətləri 1,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2% artıb.
Ay ərzində düyünün, unun, makaron məmulatlarının, qarabaşaq, yulaf və arpa yarmasının, mal, qoyun və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, şokolad və konfetlərin, qəhvə, çay və kakaonun, armudun, üzümün, göyərtinin, pomidorun, xiyarın, kartofun, kökün, çuğundurun, sarımsağın qiymətlərində artım, almanın, limonun, naringinin, heyvanın, narın, xurmanın, soğanın, kələmin, balqabağın qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Oktyabr ayında sentyabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, ev üçün toxuculuq məmulatlarının, zərgərlik məmulatları, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, telefon və fotoaparatların, dəftərxana ləvazimatlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində artım müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqlarının, paltarların təmizlənməsi, təmiri və kirayəsinin, ayaqqabıların, məişət cihazlarının, mebel, ev əşyaları və döşəmə örtükləri, avtomobil təmiri xidmətlərinin, stomatoloji xidmətlərin qiymətləri artıb, hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri azalıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.