Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib.
Komitədən verilən məlumata görə, hərrac zamanı paytaxtın müxtəlif rayonlarında yerləşən, o cümlədən regionlarda yerləşən kiçik dövlət müəssisələri, habelə nəqliyyat vasitələri özəlləşdirilib.
Hərrac prosesində ən yüksək qiymətə özəlləşdirilən əmlak Gəncə şəhərində yerləşən Gəncə şəhər 4 saylı Təsərrüfat hesablı poliklinikası olub. Qeyd olunan əmlak 212 min 500 manata özəlləşdirilib. Özəlləşdirilən obyektin ümumi faydalı sahəsi 577.8 kv.m-dir. Özəlləşdirilən qeyri-yaşayış sahələri paytaxtın Sabunçu rayonunda, habelə regionlarda Gəncə və Şəmkir şəhərində yerləşir.
Hərracda özəlləşdirilmiş 3 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan lakin xidməti istifadədən çıxarılmış nəqliyyat vasitələridir. Portalda nəqliyyat vasitələri, eyni zamanda, hər bir kiçik dövlət müəssisəsi və obyekti, qeyri-yaşayış sahəsi, səhmdar cəmiyyətləri barədə ətraflı məlumatlar və göstəricilərlə, həmçinin yerləşdiyi ərazini göstərən xəritələri və fotolarla tanış olmaq mümkündür.
Hər həftə keçirilən hərraclara paytaxt Bakı ilə yanaşı, regionlarda olan kiçik dövlət müəssisələri, səhmdar cəmiyyətləri, nəqliyyat vasitələri, dövlət nəfinə müsadirə edilmiş əmlaklar çıxarılır. Özəlləşməyə çıxarılan müəssisələr sənaye, nəqliyyat, tikinti, inşaat kimi müxtəlif sahələrə aiddir.
Hərraca çıxarılan dövlət əmlakları çoxçeşidlidir. Bura iri müəssisələrlə yanaşı kiçik obyektlər və nəqliyyat vasitələri daxildir. Müəssisələr sənaye, tikinti, xidmət, nəqliyyat və digər iqtisadi sahələri əhatə edir. Belə əmlaklar sahəsi, mövcud vəziyyəti və yerləşdiyi zonadan asılı olaraq müxtəlif start qiyməti ilə təklif olunur.
Komitə tərəfindən növbəti hərrac mayın 16-da keçiriləcək. Bu hərraca ümumilikdə 212 əmlak çıxarılacaq. Bunlardan 22-si səhmdar cəmiyyəti, 116-sı kiçik dövlət müəssisə və obyekti, 74-ü istifadəsiz qeyri-yaşayış sahəsidir.