Dünya bazarında neftin qiymətinin hər barelə görə 1 dollar dəyişməsi Azərbaycanın cari əməliyyatlar hesabına illik təxminən 250 milyon ABŞ dolları təsir edir.
Eləcə də bax: "Ucuz neft dövrü 2040-cı ilə qədər - DAVAM EDƏCƏK"
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı koronavirusun Azərbaycan iqtisadiyyatına təsiri ilə bağlı müsahibəsində bildirib.
Virusun gətirdiyi nəticələr səbəbindən neftin qiymətinin aşağı düşməsinin Azərbayana təsiri haqqında danışan V.Qasımlı bildirib ki, Azərbaycan iqtisadiyyatı neftin hətta hər barel üçün 30 dollardan da aşağı həddinə immunitet qazanıb: «2015-ci ildə neft qiymətləri üç dəfədən çox azalmışdı. Hazırda belə kəskin azalma mümkün görünmür. Üstəlik hökümət, biznes və əhali neftin qiymət oynamalarına qarşı institutsional və psixoloji baxımdan daha hazırlıqlıdır. İndiki halda deyim ki, biz hətta neftin 40-45 dollar qiymətində də cari hesablar balansının tarazlığını qoruya bilərik. Bu da həm ciddi inflyasiya təhdidi, həm də manatın məzənnəsi ilə bağlı narahatlığın olmadığını göstərir».
Qeyd edək ki, 2020ci ilin dövlət büdəsində neftin hər bareli 55 ABŞ dolları hesablanıb. Vqasımlı bildirib ki, büdcə qaydalarına əsasən icmal büdcə xərclərinin yuxarı həddi müəyyənləşir: «Yuxarı hədd icmal büdcənin xərclənə bilən neft gəlirləri, icmal büdcənin qeyri-neft gəlirləri və icmal büdcəyə digər daxilolmaların cəmi əsasında hesablanır. Xərclənə bilən neft gəlirləri isə xalis maliyyə aktivlərinin 30 faizindən çox olmamaqla müəyyənləşir. Beləliklə, büdcənin “qızıl qayda”ları fiskal dayanıqlılığı təmin edir. Büdcə qaydalarının sadə izahı budur ki, neft qiymətləri proqnozdan yuxarı olanda strateji valyuta ehtiyatlarımız artır, əks təqdirdə ehtiyatların hesabına xərclərimizi maliyyələşdiririk. Bir növ büdcə qaydaları fiskal siyasəti «ütüləyir».
İcraçı direktor bildirib ki, bu ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 1,8 milyard manat, xərcləri isə 1,4 milyard manat təşkil edib: «Gördüyünüz kimi büdcədə ilk ayda nəinki kəsir, hətta 400 milyon manatdan çox profisit yaranıb. Bu ilin yanvar-fevral aylarında vergi və gömrük orqanlarının operativ məlumatları da onu göstərir ki, proqnozdan artıq vəsait büdcəyə mədaxil edilir. Nəzərə almaq lazımdır ki, bu ilin ilk iki ayında neft qiymətləri ortalama hər barel üçün 60 dolların üstündə olub. Bu hesaba həm Mərkəzi Bankın, həm də SOFAZ-ın ehtiyatları artıb. Təkcə bu ilin yanvar-fevral aylarında Mərkəzi Bankın rezervləri 243 milyon manat çoxalıb. Beləliklə, bu il ərzində proqnozdan əlavə yaranmış ehtiyatlar bundan sonra neftin qiymətinin proqnozdan aşağı olacağı bir neçə ay ərzində itkiləri kompensasiya edə bilər.
Ən əsası isə odur ki, Azərbaycanın strateji valyuta ehtiyatları 52 milyard ABŞ dolları olmaqla ÜDM-in həcmini 8 faizdən çox üstələyir. Bu da imkan verir ki, ölkənin fiskal dayanıqlılığı təmin olunsun».