Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) "Dövlət satınalmaları haqqında" qanunun V fəslində müəyyən edilmiş xidmət təkliflərinin cəlb olunması ilə səhm portfelinin passiv idarə edilməsi üçün təkliflər sorğusu keçirir.
Fed.az ARDNF-nin yaydığı elana istinadən xəbər verir ki, təklif olunan səhm portfeli üçün bençmark "MSCI World" indeksidir.
İnvestisiya menecerləri (şirkətlər) aşağıdakı tələblərə cavab verməlidirlər:
- 2015-ci il dekabrın 31-nə şirkətin idarəetməsində passiv səhm indeksinə indeksasiya olunmuş vəsaitlərin həcminin 50 mlrd. dollardan az olmaması;
- ABŞ-ın 1940-cı il “İnvestisiya Şirkətləri haqqında Qanunu” və ya fəaliyyət göstərdiyi digər ölkənin qanunları çərçivəsində qeydiyyatdan keçmiş olması;
- 2015-ci il dekabrın 31-nə şirkətin səhm indeksi portfellərinin idarə edilməsi üzrə ən azı fasiləsiz 5 illik təcrübəsinin olması;
- son beş ildə gəlirlilik üzrə izləmə xətasının (tracking error) “MSCI World” indeksi ilə müqayisədə illik əsasda 0,3%-dən çox olmaması;
- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
- müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
- Azərbaycanda vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması.
Təkliflər 11 yanvar 2017-ci il yerli vaxtla saat 18:00-dan gec olmayaraq Fondun yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti, 165, AZ 1029 nömrəli ünvana təqdim edilməlidir.