Azərbaycanda özəl investisiyaların cəlb edilməsi üçün zəruri şərtlər və şərait yaradılmalıdır.
FED.az xəbər verir ki, bu barədə yanvarın 13-də prezident İlham Əliyevin sədrliyi ilə 2019-cu ilin yekunlarına həsr edilmiş toplantıda İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Onun sözlərinə görə, iqtisadi artım sürəti və dayanıqlığı məhz özəl investisiyalarla bağlıdır.
Eləcə də bax: "Xarici bazarlara çıxış üçün özəl sektorda - BİLİK, BACARIQ ÇATIŞMIR"
Nazir bildirib: «Azərbaycanın yaxın keçmişdəki təcrübəsi göstərir ki, iqtisadi artımın sürəti və dayanıqlılığı məhz investisiyalarla bağlıdır. 2019-cu ildə bizim əsas kapitala investisiyaların ümumi daxildəki payı 23,2 faiz təşkil edib. Bizim hədəfimiz, heç olmasa, 25 faizə çatmaq və ondan daha yuxarı səviyyədə qalmaqdır».
Nazir bildirib ki, əsas məsələlərdən biri ölkə iqtisadiyyatı daxilində özəl sərmayələrin cəlb edilməsi üçün zəruri olan şərtlərin və şəraitlərin yaradılmasıdır.
Bundan başqa, M.Cabbarov, dövlət investisiyalarının səmərəliliyinin artırılması, bu vəsaitləri idarə edən qurumlar qarşısında səmərəlilik tələblərinin sərtləşdirilməsini, eləcə də, bu investisiyaların prioritet sektorların inkişafı ilə sıx uzlaşdırılmasını vacib sayıb.