İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.
İqtisadiyyat Nazirliyindən Fed.az-a verilən məlumata görə, səfir təyin olunması münasibəti ilə Erkan Özoralı təbrik edən nazir Şahin Mustafayev Azərbaycan-Türkiyə əlaqələrinin strateji səviyyədə olduğunu, əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyini, birgə layihələrin reallaşdırıldığını vurğulayıb. Bildirilib ki, bu ilin 15 iyulunda Türkiyədə dövlət çevrilişi cəhdi zamanı Azərbaycan xalqı böyük narahatçılıq keçirdi. Lakin Türkiyə xalqının və dövlətinin nümayiş etdirdiyi birlik nəticəsində bu dəhşətli cinayətin qarşısı alındı.
Nazir Şahin Mustafayev ölkələrimiz arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının fəaliyyət göstərdiyini, enerji və nəqliyyat sahələrində birgə layihələr həyata keçirildiyini, gələn il Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə veriləcəyini qeyd edib. Türkiyə Azərbaycanın əsas ticarət və investisiya tərəfdaşlarındandır. Türkiyə tərəfindən Azərbaycana 10,1 mlrd. dollar, o cümlədən qeyri-neft sektoruna 2,6 mlrd. dollar, Azərbaycan tərəfindən isə Türkiyə iqtisadiyyatına 7,9 mlrd. dollar investisiya qoyulub. 2020-ci ilədək Türkiyəyə yatırılacaq investisiyaların həcminin 20 mlrd. dollara çatdırılması nəzərdə tutulur. Azərbaycanda 2600-dən çox türk şirkəti, Türkiyədə isə 1700-dən artıq Azərbaycan şirkəti fəaliyyət göstərir. Ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində indiyədək müxtəlif formatlı çoxsaylı tədbirlər keçirilib. Növbəti belə tədbir - 5-ci Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu noyabrın 16-da İstanbulda təşkil ediləcək. Nazir Şahin Mustafayev üçtərəfli formatlı tədbirlərin Azərbaycan və Türkiyənin iştirakı ilə Rusiya, İran və Qazaxıstanla da keçirilə biləcəyini qeyd edib. Vurğulanıb ki, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının fəaliyyəti nəticəsində tranzit yükdaşımalarında ciddi artıma nail olunub. Qeyri-neft sektorunun və ixracyönümlü iqtisadiyyatın inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu vurğulayan Şahin Mustafayev son zamanlar iqtisadi sahədə həyata keçirilən islahatlar barədə məlumat verib, müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını diqqətə çatdırıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasından Türkiyəyə ixracın genişləndirilməsi üçün tədbirlər görülür.
Türkiyənin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Türkiyədəki 15 iyul dövlət çevrilişinə cəhd zamanı Azərbaycanın Türkiyənin yanında olduğunu vurğulayıb və qardaş Azərbaycana minnərdatlıq edib. Erkan Özoral ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu qeyd edərək səfirliyin iqtisadi əlaqələrin genişləndirilməsinə dəstəyini davam etdirəcəyini diqqətə çatdırıb.
Nazir: "Türkiyəyə yatırılacaq investisiyaların həcminin 20 mlrd. dollara çatdırılması nəzərdə tutulur"
17:33
10 Noy 2016