İqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 150.3-1-ci maddəsinin ikinci abzasına uyğun olaraq, hərrac təşkilatçısı kimi çıxış edən ixtisaslaşdırılmış təşkilatlar tərəfindən ödəmə mənbəyində vergi tutulmayan əməliyyatlar üzrə təqdim edilməli məlumat forması”nı təsdiq edib.
FED.az xəbər verir ki, bu, İqtisadiyyat Nazirliyinin Kollegiya iclasının protokolunda deyilir.
Həmin bənddə (150.3-1) deyilir ki, notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur.
Hərrac təşkilatçısı kimi çıxış edən ixtisaslaşdırılmış təşkilatlar bu Məcəllənin 150.1.13.5-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində vergi tutulmayan əməliyyatlar üzrə hərracın nəticələri rəsmiləşdirildiyi gündən 10 (on) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada məlumatı vergi orqanına təqdim etməyə borcludurlar.
Verilmiş borcun təminatı kimi vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin ipoteka saxlayanın xeyrinə yüklü edilmiş əmlakı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq ipoteka saxlayan tərəfindən əldə edildikdə bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanmış sadələşdirilmiş vergi hərrac təşkilatçısı kimi çıxış edən ixtisaslaşdırılmış təşkilatlar tərəfindən ipoteka saxlayandan tutulur.