Xarici İşlər Nazirliyindən Fed.az-a verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Portuqaliya arasında ikitərəfli münasibətlərin, xüsusən iqtisadi əlaqələrin hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi apardılar, əməkdaşlığın genişləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyini qeyd etdilər.
Ölkəmizdə aparılan köklü-iqtisadi islahatlar və yaradılmış əlverişli investisiya mühitindən söz açan nazir Elmar Məmmədyarov, Portuqaliya şirkətlərinin bu imkanlarından faydalana biləcəyini dedi. O, həmçinin Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, o cümlədən Şərq-Qərb nəqliyyat dəhlizi, TANAP və TAP layihələri haqqında məlumat verdi. Nazir Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olduğunu diqqətə çatdırdı.
Tərəflər iqtisadiyyatın qeyri-neft sektoru, o cümlədən, turizm, kənd təsərrüfatı, yeyinti və yüngül sənaye, habelə informasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə etdilər.
Görüşdə həmçinin iki ölkənin biznes dairələri arasında əlaqələrin təşviq edilməsi məsələsinə də toxunuldu.
Nazir Elmar Məmmədyarov Paulo Aleksandre Ferreiranı ölkəmizə səfərə dəvət etdi.
Görüşdən sonra tərəflər Portuqaliyanın İqtisadiyyat Nazirliyində texniki nailiyyətlərə həsr olunmuş sərgiyə baxış keçirdilər.