Türkiyə və Azərbaycan arasında kənd təsərrüfatı məhsulları üzrə ticarətin həcmi potensiala cavab vermir.
FED.az xəbər verir ki, Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan-Türkiyə biznes-forumunda iştirak etmək üçün Bakıya gəlmiş Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik deyib.
O qeyd edib ki, Türkiyə və Azərbaycan arasında mövcud 120 milyon dollar həcmində kənd təsərrüfatı məhsullarının ticarət həcmi potensiala cavab vermir: "Biz bu səviyyəni artırmalı və ixrac məhsullarının çeşidini genişləndirməliyik".
Nazir bildirib ki, iki ölkə arasında bir çox sahələrdə əlaqələri inkişaf etdirmək mümkündür: "Bu gün keçirilən biznes-forum iki ölkənin iş adamları arasında sıx əlaqə yaradacaq".
F.Çelik Azərbaycanın kənd təsərrüfatı nazirini fəxri qonaq qismində Türkiyədə keçiriləcək Afrika ölkələrinin kənd təsərrüfatı nazirlərinin toplantısına dəvət edib.