Bu gün Heydər Əliyev Mərkəzində VII Azərbaycan-Rusiya regionlararası forum keçirilib.
Azərbaycanın İqtisadiyyat Nazirliyi və Rusiyanı İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumda hər iki ölkənin dövlət rəsmiləri, parlament və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və sair sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edib.
Foruma Rusiyanın 9 subyektindən 250-dən çox, Azərbaycan Tərəfdən isə 300-ə yaxın olmaqla ümumilikdə 600 iştirakçı qatılıb.
Forumda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev tədbirin keçirilməsinin Azərbaycan və Rusiya dövlət başçılarının təşəbbüsü olduğunu və artıq ənənəyə çevrildiyini vurğulayıb. O bildirib ki, Azərbaycanın bu formatda tədbiri yalnız Rusiya ilə təşkil etməsi iki ölkə arasında uğurlu əməkdaşlığın göstəricisidir.
"Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilib. Hazırda Azərbaycanın ticarət dövriyyəsində Rusiya 3-cü, idxalda isə 1-ci yeri tutur" - deyə Şahin Mustafayev öz çıxışında bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında azad ticarət rejimi mövcuddur: "Bu, ticarət əlaqələrinin və iş adamları arasında əməkdaşlığın inkişafına əlavə imkan yaradır".
Ş. Mustafayev deyib ki, Azərbaycanda Rusiya kapitallı 600-ə yaxın şirkət fəaliyyət göstərir. Nazir əlavə edib ki, son illər Rusiya Azərbaycan iqtisadiyyatına 3 mlrd. dollardan çox investisiya qoyub. O bildirib ki, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 mlrd. dollardan çox birbaşa investisiya yönəldib: "Azərbaycanın "Karat Holdinq" şirkəti bu il Yesentuki şəhərində 25 mln. dollar dəyərində sanatoriya-kurort mərkəzini istifadəyə verib, "Azərsun Holdinq" Krasnodar vilayətində 8 mln. dollar dəyərində meyvə-tərəvəz konservlərinin istehsalı zavodu və 3 mln. dollar dəyərində çay fabriki tikib. "Karvan-L" şirkəti Kabarda-Balkar Respublikasında "Stalprom" şirkətinin tikintisi və təchizatı, Dağıstanda isə təqribən 1,5 mln. dollar dəyərində "Anji" İdman Mərkəzinin tikintisi layihələrini reallaşdırıb".