“AzerGold” QSC Naxçıvan MR ərazisində yerləşən Ortakənd-Xanağa perspektivli sahəsində 10 min metrədək buruq-qazma işləri aparacaq. Şirkətdən FED.az-a verilən məlumata görə, şirkət sənaye əhəmiyyətli mis-qızıl filizlərinin aşkarlanması məqsədi ilə həyata keçiriləcək buruq-qazma işləri üzrə tenderin qalibi “AZ Dağ-Mədənistismar” MMC ilə müqavilə imzalayıb.
Qeyd edək ki, 2017-ci ilin 4-cü rübündə Cəmiyyətin istifadəsində olan Ortakənd-Xanağa sahəsində İtaliyanın məşhur “Geostudi Astier srl” geofizika şirkətin texnoloji dəstəyi ilə aparılan yerüstü elektrik və maqnit kəşfiyyat işləri müsbət nəticələr verib. Belə ki, kəşfiyyat işləri zamanı mis, qızıl və digər əlvan metallar üzrə ilkin müsbət təzahürlər, o cümlədən Ortakənd mis-porfir, Başkənd-Xanağa səpinti qızıl yataqları, Başkənd mis, Ortakənd-Xanağa köklü qızıl təzahürləri və bir sıra polimetal minerallaşma nöqtələri və çıxışları qeydə alınıb.
Əsas fəaliyyət sahələri geoloji-kəşfiyyat, geodeziya axtarış işləri və geofiziki tədqiqatlar olan “AZ Dağ-Mədənistismar” MMC-nin “AzerGold” QSC ilə yanaşı Azərbaycanda əlvan metal hasilatı üzrə fəaliyyət göstərən digər dağ-mədən şirkətləri ilə əməkdaşlıq təcrübəsi var.