İyunun 8-də İqtisadiyyat Nazirliyində Türkiyə nümayəndə heyəti ilə keçirilmış görüşdə Azərbaycandan, xüsusilə Naxçıvan Muxtar Respublikasından Türkiyəyə ixracın genişləndirilməsinə, Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinə və ölkələrimiz arasında ticarət məsələlərinə dair müzakirələr aparılıb.
Bu barədə FED.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.
Görüşdə İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Türkiyə əlaqələrinin strateji səviyyədə olduğunu, ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyini, birgə layihələrin uğurla reallaşdırıldığını vurğulayıb. Nazir Şahin Mustafayev qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının davamlı inkişafına böyük önəm verilir. Naxçıvanın inkişaf etdiyini, müasir infrastrukturun, istehsal müəssisələrinin yaradıldığını diqqətə çatdıran Şahin Mustafayev bu baxımdan Muxtar Respublikanın potensialının reallaşdırılmasının, ixracının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Naxçıvanda istehsal olunan məhsulların Türkiyə ixracının artırılması üçün imkanlar böyükdür. Azərbaycan və Türkiyə prezidentləri bu potensialın reallaşdırılmasına xüsusi önəm verirlər. Bu istiqamətdə indiyədək rəsmi şəxslərin və sahibkarların iştirakı ilə görüşlər keçirilib, qarşılıqlı səfərlər təşkil olunub, müzakirələr aparılıb.
Türkiyə nümayəndə heyəti Naxçıvan məhsullarının Türkiyəyə ixracının genişləndirilməsinə dəstək veriləcəyini, bu istiqamətdə əlaqədar qurum və sahibkarlarla sistemli iş aparıldığını və türk iş adamların Naxçıvana investisiya qoyulmasında maraqlı olduğunu bildirib.Müzakirələrdə Azərbaycan Mərkəzi Bankının, Dövlət Gömrük Komitəsinın, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin, Türkiyənin İqtisadiyyat Nazirliyinin və Mərkəzi Bankının yüksək vəzifəli rəsmiləri iştirak ediblər.
Naxçıvanda istehsal olunan məhsulların Türkiyəyə ixracına dair müzakirələr aparılıb
14:47
9 İyun 2017