Naxçıvan Muxtar Respublikasında iqtisadi artım sürəti ölkə üzrə ümumi göstəricidən aşağıdır.
FED.az xəbər verir ki, bu barədə Muxtar Respublikanın 2019-cu ilin yanvar-avqust ayları üzrə açıqladığı göstəricilərdən məlum olur. Qeyd edək ki, bu dövrdə ölkə üzrə ümumi iqtisadi artım 2,5% olmuşdu, Naxçıvanda isə göstərici 1,4% təşkil edir.
Eləcə də bax: “Naxçıvanbank” da avtokredit verən - BANKLARIN SIRASINA QOŞULUR
Əvəzində, Naxçıvanda orta aylıq əmək haqqı 454 manat təşkil edir ki, bu da Bakını çıxmaqla ölkənin bütün regionlarından daha yüksəkdir.
Beləliklə…
Muxtar respublikada 2019-cu ilin yanvar-avqust aylarında 1 milyard 803 milyon 670 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur.
Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 3945 manat olmuşdur.
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 742 milyon 932 min 800 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.
Vəsait qoyuluşları çərçivəsində 2019-cu ilin yanvar-avqust aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 654 milyon 443 min 600 manat vəsait yönəldilmişdir. Bu da bir il öncəki göstəricidən 1,3 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 631 milyon 634 min 500 manatı və ya 96,5 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
Bəhs olunan dövrdə 309 milyon 144 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 14518,9 ton, süd istehsalı 68143,1 ton olmuşdur. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,9 faiz, süd istehsalı isə 1,5 faiz artmışdır.
2019-cu ilin yanvar-avqust aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 35 milyon 522 min manat olmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 3,2 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 28 milyon 898 min 100 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 2,1 faiz artmışdır.
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2019-cu ilin yanvar-avqust aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 77 milyon 641 min 400 manat məbləğində kreditlər verilmişdir ki, bu da bir il öncəki göstəricidən 2,2 dəfə çoxdur. Verilmiş kreditlərin 9 milyon 781 min 800 manatı və yaxud 12,6 faizi qısamüddətli, 67 milyon 859 min 600 manatı və yaxud 87,4 faizi uzunmüddətli kreditlər olmuşdur.
Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir. 1 sentyabr 2019-cu il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 82781-ə çatmışdır ki, bunun da 73167-si və ya 88,4 faizi aktiv hesablardır. 2019-cu ilin yanvar-avqust aylarında açılmış 18163 bank hesabının 17995-i aktiv hesablar olmuşdur. Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 sentyabr 2019-cu il tarixə 1276-ya çatmışdır.
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2019-cu ilin yanvar-avqust aylarında 325 milyon 495 min ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 285 milyon 764 min 900 ABŞ dolları təşkil etmiş, 246 milyon 34 min 800 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.
2019-cu ilin yanvar-iyul aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 454,5 manat təşkil etmişdir ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz çoxdur.
1 avqust 2019-cu il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbət də 3359 nəfər artaraq 457 min 972 nəfər olmuşdur