Azərbaycan OPEK ilə daha sıx əlaqədə maraqlıdır. Trend-in "World Energy News" nəşrinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev OPEK-in baş katibi Məhəmməd Barkindo ilə görüşdə deyib.
Nazir qeyd edib ki, Azərbaycan OPEK-in neft bazarında vəziyyətin sabitləşməsi üzrə təcrübəsini öyrənməkdə və bu məsələdə kartelə daxil olmayan ölkələrin, o cümlədən Azərbaycanın hansı rol oynaya biləcəyini aydınlaşdırmaqda maraqlıdır.
N.Əliyev vurğulayıb ki, OPEK-ə daxil olan və olmayan ölkələr eyni problemlə üzləşiblər və bu problemin ümumi həllini axtarmalıdırlar.
Nazir bildirib ki, Azərbaycan maliyyə baxımından neft və qaz sənayesindən asılıdır və yol xəritəsinin inkişafı Azərbaycan üçün növbəti vacib addımdır.
N.Əliyev Reuters-ə bundan əvvəl deyib: “Venesuela və Azərbaycan razılığa gəliblər ki, bazarda vəziyyətin sabitləşməsi üzrə bəzi tədbirlər görülə bilər. Biz razılığa gəldik ki, neftin qiyməti bir barel üçün təxminən 60 dollar ola bilər”.
Nazirlə görüşdə OPEK-in baş katibi bildirib ki, Əlcəzair sazişinin mandatlarından biri daimi əməkdaşlıq üçün zəmin yaratmaqdan ibarətdir: “OPEK və kartelə daxil olmayan ölkələr arasında inkişaf edən münasibətlər daimi əsasda təkmilləşdirilməlidir”.
Qeyd edək ki, 2016-cı ilin sentyabr ayında əldə olunan Əlcəzair sazişnə əsasən, OPEK-ə daxil olmayan ölkələr danışıqlarda iştirak etmək üçün dəvət alıblar.