“Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Tarixi gündür. Razılaşmada nəzərdə tutulan şərtlər barədə geniş məlumat verildiyindən, qeyd etmək istərdim ki, bu bəyanatda Dağlıq Qarabağla bağlı hər hansı statusun nəzərdə tutulmaması münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli deməkdir”.
Eləcə də bax: Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri - Bərpa Edilir
FED.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, növbəti 20 gündə Azərbaycanın daha 3 rayonu azad olunacaq və işğalçı ölkənin qoşunları ərazimizi tərk edəcək: “Artıq erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasına başlanılıb. Digər tərəfdən, Rusiya sülhməramlıları ilə yanaşı qardaş Türkiyə ordusu da Azərbaycana gəlir. Anlaşmada Dağlıq Qarabağa xüsusi status nəzərdə tutulmadığı üçün Qarabağda yerləşən bütün şəhərlər və kəndlər Azərbaycan ərazisindəki yaşayış məntəqələri kimi iştirakçı ölkələr tərəfindən rəsmən qəbul olunur”.
Millət vəkili deyib ki, digər tərəfdən, bölgəyə azsaylı Rusiya sülhməramlılarının gəlişi şimal qonşumuzun ölkəmizdə hərbi baza yaratması anlamına gəlməməlidir:
“Həmçinin, ikinci Qarabağ savaşında Rusiya neytrallığını qoruyub saxladı. Eyni zamanda, bölgədə qardaş Türkiyə sülməramlıları da olacaq. Bu isə o deməkdir ki, Qarabağda Türkiyə də sülhün qarantı olacaq”.
V. Bayramovun sözlərinə görə, Azərbaycan artıq yeni quruluculuq mərhələsinə qədəm qoyur: “7 rayonun bərpa edilməsi və məcburi köçkünlərimizin Dağlıq Qarabağ daxil olmaqla öz ata-baba evlərinə dönməsi 30 ilə yaxın işğal altında qalan ərazilərimizə həyatın yenidən qayıtması deməkdir. Bu, ölkə iqtisadiyyatının yeni mərhələdə inkişafı baxımdan da vacibdir. Eyni zamanda, münaqişənin həll edilməsi regiona daha çox sərmayənin cəlb edilməsinə də imkan yaradacaq”. (Apa)