MTM-in (Media Təhlil Mərkəzi) Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsindən əldə etdiyi məlumatlar əsasında apardığı təhlil göstərir ki, 2020-ci ildən 2023-cü ilədək Azərbaycanın BRICS ölkələri ilə olan xarici ticarət dövriyyəsi sürətlə artıb. Azalma yalnız 2020-ci ildə qeydə alınıb ki, buna da səbəb COVID-19 pandemiyası olub.
Bu il Azərbaycanın BRİCS ölkələri ilə ticarət dövriyyəsi 6 milyard dollara yaxınlaşıb
FED.az Media Təhlil Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, 2023-cü ilin yekununda bu rəqəm 9,78 milyard dollar, yəni 2022-ci il ilə müqayisədə 13,5 faiz və ya 1,16 milyard dollar çox olub. Cari ilin birinci yarısında isə Azərbaycanın BRICS ölkələri ilə etdiyi xarici ticarətin həcmi 4,96 milyard dollara çatıb.
Qeyd edək ki, 2024-cü ilin birinci yarısında BRICS ölkələri ilə olan xarici ticarət dövriyyəsinin 2023-cü ilin yekun göstəricisinin 51 faizinə bərabər olması, ilin yekununda qeydə alınacaq rəqəmin də 2023-cü ilin nəticəsindən yüksək olacağını deməyə əsas verir.
Azərbaycanın BRICS ölkələri ilə xarici ticarət əlaqələrinə diqqət etsək, bu ölkələr ilə ticarət tərəfdaşlığının daha çox idxal olunan məhsullar üzrə olduğunu görərik.
Daha ətraflı desək, 2023-cü ildə Azərbaycana BRICS ölkələrindən 7,17 milyard dollar dəyərində məhsul idxal olunub ki, bu da 2022-ci il ilə müqayisədə 24,1 faiz və ya 1,4 milyard manat çox deməkdir. İdxal həcmində azalma yalnız 2020-ci ildə qeydə alınıb ki, həmin ilin göstəricisi 560 milyon dollara bərabər olub. 2024-cü ilin birinci yarısında isə BRICS ölkələrindən idxal olunan məhsulların həcmi 3,78 milyard dollar təşkil edib.
2021 və 2022-ci illərdə Azərbaycanın BRICS ölkələrinə ixrac etdiyi məhsulların həcmində artım qeydə alınıb. Cari ilin birinci yarısında isə BRICS ölkələrinə olan ixracın həcmi 1,18 milyard dollar təşkil edib.
Ümumilikdə son 5 il 6 ayda Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 217,3 milyard dollar təşkil edib ki, bunun da 19,49 faizi və ya 42,3 milyard dolları BRICS ölkələri ilə olan xarici ticarət həcmidir. Digər ölkələr ilə olan xarici ticarət dövriyyəsi isə 175 milyard dollara çatıb.
Daha dəqiq desək hesabat dövründə Azərbaycanın ixrac əməliyyatlarının 9 faizi və ya 12,66 milyard dolları BRICS ölkələrinə, idxal əməliyyatlarının isə 38,66 faizi və ya 29,7 milyard dolları BRICS ölkələrindən olunub.
Son 5 il 6 ayda BRICS ölkələri arasında əsas ticarət tərəfdaşımız şimal qonşumuz Rusiya olub. 2019-cu ildən cari ilin iyul ayınadək Rusiya ilə olan xarici ticarət dövriyyəsi 18,9 milyard təşkil edib ki, bu da BRICS ölkələri ilə olan ümumi xarici ticarət dövriyyəsinin 44,7 faizinə bərabərdir. Bu göstərici üzrə ikinci sırada 12,7 milyard dollar ilə Çin dayanır. Çin ilə olan xarici ticarət dövriyyəsi BRICS üzvləri ilə olan ticarət dövriyyəsinin 30 faizini təşkil edir. 15,14 faiz pay ilə üçüncü sırada Hindistan yer alır. Bu zaman aralığında Hindistan ilə olan xarici ticarət dövriyyəsi 6,4 milyard dollar təşkil edib. Cənub qonşumuz İran isə 2,56 milyard dollar (6 faiz) xarici ticarət dövriyyəsi ilə dördüncü sırada qərarlaşıb. Qalan 4,1 faizlik hissə yəni 1,73 milyard dollar isə digər BRICS ölkələrinin payına düşür.
Azərbaycanın BRICS ölkələri ilə olan xarici ticarət əlaqələrinə ayrı-ayrılıqda baxsaq, Hindistan və Misir ilə olan ticarət dövriyyəsində ixrac həcminin üstünlük təşkil etdiyini görə bilərik. Daha dəqiq desək, Hindistan ilə olan ticarət dövriyyəsinin 85,39 faizini, Misir ilə olan ticarət dövriyyəsinin 52,02 faizini ixrac əməliyyatları tutur. Digər ölkələrlə olan ticarət əlaqələrində idxal həcmi ixrac həcmini üstələyir.
Qeyd edək ki, BRICS üzvləri arasında əsas xarici ticarət tərəfdaşımız olan Rusiya ilə olan ticarət dövriyyəsinin 73,1 faizini idxal, 26,9 faizini isə ixrac əməliyyatları təşkil edir.
BRICS təşkilatı 2009-cu ildə Rusiyanın təşəbbüskarlığı ilə, Braziliya, Hindistan və Çinin birgə yaratdığı hökumətlərarası təşkilatdır. 2010-cu ildə bu təşkilata Cənubi Afrika Respublikası (CAR) da qoşulub. 2023-cü ildə isə Argentina, Misir, Efiopiya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) təşkilata qoşulmaq üçün müraciət edib və Argentinadan başqa bütün namizədlər 2024-cü il 1 yanvar tarixindən BRICS üzvü kimi qəbul ediliblər. Argentinanın təşkilata üzv olmamasının səbəbi isə 2023-cü ilin sonunda Argentinada hakimiyyət dəyişimi və yeni hakimiyyətin BRICS liderlərinə məktub ünvanlayaraq üzvlükdən imtina etməsidir.
Azərbaycanın da qoşulmaq istədiyi təşkilata daha 27 ölkə üzv olmaq istəyir ki, bunlar Belarus, Türkiyə, Əlcəzair, Banqladeş, Bəhreyn, Boliviya, Venesuela, Vyetnam, Honduras, Pakistan, Seneqal, Zimbabve, İndoneziya, Qazaxıstan, Kuba, Çad, Şri-Lanka, Küveyt, Mərakeş, Nigeriya, Nikaraqua, Suriya, Tailand, Uqanda, Ekvatorial Qvineya, Cənubi Sudandır.