İqtisadiyyat naziri Mikayıl Cabbarov aprelin 28-də Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanovla görüşüb.
Mikayıl Cabbarov Tatarıstanın bir sıra iri müəssisələrinin rəhbərləri ilə - GÖRÜŞLƏR KEÇİRDİ
FED.az xəbər verir ki, “görüşdə Minnixanov Azərbaycan və Tatarıstan arasında investisiya və ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb”, - deyə Tatarıstan rəisinin mətbuat xidmətindən bildirilib.
Beynəlxalq əməkdaşlığa toxunan Minnixanov Kazanda Qazaxıstan, Özbəkistan və Türkmənistanın baş konsulluqlarının açıldığını xatırladıb.
“Kazanda Azərbaycan Respublikasının da baş konsulluğunun açılması ilə bağlı təklifimizin nəzərdən keçirilməsindən şad olarıq”, - deyə o qeyd edib.
Məlumata görə, ötən ilin yekunları üzrə Tatarıstan ilə Azərbaycan arasında əmtəə dövriyyəsi $125 milyonu ötüb.
“Aparıcı sənaye müəssisələri və şirkətlərinin xətti ilə fəal iş gedir. Tatarıstan Azərbaycana kənd təsərrüfatı, əczaçılıq, kağız məhsulları və s. ixrac edir. Öz növbəsində, Azərbaycandan neft məhsulları, minerallar, meyvə-tərəvəz məhsulları idxal edilir. Volqa-Xəzər hövzəsinin nəqliyyat və logistika imkanlarından daha fəal istifadə etmək vacibdir”, - deyə Minnixanov bildirib.
O, Azərbaycanla əməkdaşlıq üçün ilk növbədə, iqtisadiyyat sahəsində böyük imkanların olduğunu vurğulayıb.
“Energetika və sənaye, maşınqayırma, gəmiqayırma, neft-kimya, tibb, kənd təsərrüfatı, xüsusi iqtisadi zonaların inkişafı, logistika və digər sahələrdə qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi nəzərdə tutulur. Respublikamız investisiyalar, innovasiyalar üçün açıqdır, xarici şirkətlərin ölkə bazarına giriş nöqtəsidir”, - deyə Tatarıstan rəisi vurğulayıb.
O, həmçinin Azərbaycanı “Rusiya – İslam dünyası” Strateji Baxış Qrupunun işində, eləcə də azərbaycanlı həmkarları bu il mayın 18-19-da keçiriləcək “Rusiya – İslam dünyası: KazanForum” Beynəlxalq İqtisadi Forumunda iştirak etməyə dəvət edib. (İnterfaks-Azərbaycan)