Mayın 6-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv və müşahidəçi ölkələrin İqtisadiyyat nazirləri və gömrük xidməti rəhbərlərinin videokonfrans formatında müzakirələri təşkil edilib.
Eləcə də bax: Yeni İnvestisiya Fondu yaradılacaq – BAKIDA YERLƏŞƏCƏK
FED.az xəbər verir ki, tədbiri hazırda təşkilata sədrlik edən ölkə olaraq Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov aparıb. Görüşdə tərəfdaş ölkələrdə mövcud iqtisadi vəziyyət, COVID-19 pandemiyasının mənfi sosial-iqtisadi təsirlərinə qarşı birgə təkliflərin və praktik tədbirlərin hazırlanması, həmçinin postpandemiya dövründə aidiyyəti sahələr üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi məsələləri müzakirə edilib.
Mikayıl Cabbarov üzv dövlətlər arasında ikitərəfli sərbəst ticarət haqqında sazişlərin yaratdığı üstünlüklərdən səmərəli istifadə edilməsini, o cümlədən, elektron ticarətin inkişafı məqsədilə Türk Şurası dövlətləri arasında elektron imzaların qarşılıqlı tanınması üçün tədbirlərin görülməsini təklif edib.
Eyni zamanda iqtisadiyyat naziri Türk Ticarət Evinin yaradılmasında Azərbaycan təcrübəsindən yararlanmağı təklif edib. Cabbarov həmçinin Türk Şurası çərçivəsində üzv ölkələrdə mövcud sərhəd və tranzit rejimlərinin kataloqunun hazırlanmasını, eləcə də nəqliyyat və tranzit rejimində hər hansı təxirəsalınmaz və ya planlaşdırılan dəyişiklik barədə üzv dövlətlərin məlumatlandırılmasını, həmçinin yaxın gələcəkdə ölkələrimizdə malların və prosedurların izlənilməsinə imkan verən onlayn məlumat mübadiləsi sisteminin yaradılmasını təklif edib.