İqtisadiyyat naziri Mikayıl Cabbarov prezident seçkilərində səsvermə hüququndan istifadə edib.
FED.az xəbər verir ki, o, 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.
"Bu gün bayram günüdür, xüsusi bir gündür. Çünki müstəqillik tarixində ilk dəfədir ki, prezident seçkilərini Azərbaycanın bütün suveren ərazisində keçiririk. Hesab edirəm ki, bu, hər birimiz üçün xoşbəxtlikdir. Ölkəmizin inkişafının yeni mərhələsidir", - deyə nazir qeyd edib.
Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özləri tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev mübarizə aparır. (Report)