Avqustun 7-də İqtisadiyyat naziri Mikayıl Cabbarov sahibkarlarla onlayn görüş keçirib.
Eləcə də bax: Sahibkarlar fəaliyyətin bərpası üçün üçün - XAHİŞ ETDİ
İqtisadiyyat Nazirliyindən FED.az-a verilən məlumata görə, görüşdə pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 280-dən çox sahibkar iştirak edib. Tədbirin əsas məqsədi yeni şəraitdə biznesin fəaliyyəti, istehsal və xidmət sahələrində tətbiq edilən davranış qaydaları, pandemiyanın özəl sektora mənfi təsirlərinin aradan qaldırılması yollarının müzakirəsi olub.
Görüşdə Mikayıl Cabbarov deyib ki, 2020-ci il Azərbaycan üçün uğurlu başlasa da, pandemiya və məcburi məhdudlaşdırmalar nəticəsində iqtisadi fəallıq zəifləyib, biznes maliyyə itkiləri ilə qarşılaşıb Pandemiyanın mənfi təsirlərini azaltmaq üçün Nazirlər Kabineti tərəfindən iqtisadiyyata geniş dəstək paketini nəzərdə tutan proqramlar, biznesin qısa və orta müddətdə dəstəklənməsini əhatə edən çoxşaxəli mühüm sənədlər qəbul edilib.
Nazir bildirib ki, 2020-ci ilin birinci yarım ilində ÜDM azalıb, əksər iqtisadi sektorlarda da azalma baş verib. İndi hökumət , iqtisadiyyata təhdidlərin qarşısının almaq üçün qeyri-neft sektorunda iqtisadi fəallığı canlandırmaq, iş yerlərinin qorunması üçün stimullaşdırıcı layihələr və tədbirləri maliyyələşdirmək, investisiya yönümlü kreditləşdirmə, özəl investisiya qoyuluşunun təşviq edilməsi, tikinti-məşğulluq və digər istiqamətlərdə təkanverici tədbirlər görmək niyətindədir.
Nazir deyib ki, dövlət başçısının tapşırığı ilə Nazirlər Kabineti sahibkarlara yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib. Qərara əsasən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan vergi ödəyicilərinə işçi sayına münasibətdə bir aylıq əməkhaqqı fondu həcmində, fərdi (mikro) sahibkarların isə daha çox ehtiyacı olan hissəsinə təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstəriləcək. Bunlarla yanaşı, Nazirlər Kabinetinin qərarı ilə 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək sahibkarlar dövlət və bələdiyyə torpaq sahələrinin, hüquqi şəxslər və fərdi sahibkarlar dövlət əmlakının icarə haqqından azad edilir. İqtisadiyyat naziri xatırladıb ki, sahibkarların kreditləşməsi üçün dövlət zəmanətli krediti asan və şəffaf formada əldə etməsi üçün yaradılmış Elektron Kredit Platforması işə salınıb və artıq indiyədək bir ay ərzində 12 milyon manatdan çox kredit verilməsi təsdiq edilib.
Bildirilib ki, hazırkı şəraitdə cəmiyyət, eləcə də sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalıdır. Pandemiyanın nə zaman bitəcəyi məlum deyil. Cəmiyyət yeni həyat tərzinə hazır olmalı, sahibkarlar da biznes fəaliyyətini yaranmış şəraitə uyğunlaşdırmalıdırlar. Qapalı məkanlarda maska taxılmalı, obyektlər mütəmadi olaraq dezinfeksiya edilməli, antiseptik vasitələrdən istifadə olunmalı, işçi heyətin maska və əlcəkdən istifadəsi təmin edilməli, vətəndaşların maskasız obyektlərə daxil olmasının və sıxlığın qarşısı alınmalı, fiziki məsafə qorunmalıdır. Yeni həyat tərzinin rəqəmsal həllərin tətbiqini tələb etdiyini deyən İqtisadiyyat naziri məsafəli xidmətin imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb. Ticarət və xidmət obyektləri yeni qaydalara nə qədər tez vərdiş etsələr, bu onların biznesi üçün bir o qədər səmərəli olar.
Görüşdə çıxış edən sahibkarlar yaranmış vəziyyətin onların fəaliyyətinə göstərdiyi mənfi təsirləri qeyd edib, istehsal və xidmət sektorlarında yeni qaydaların tətbiqinin təkcə sahibkarlardan deyil, eləcə də cəmiyyətin hər bir üzvündən asılı olduğunu bildirib, iqtisadi itkilərin aradan qaldırılması, iqtisadi fəallığın bərpası üçün dövlətdən əlavə dəstək gözlədiklərini diqqətə çatdırıblar. Biznesin fəaliyyətinin yeni, fərqli şəraitdə davam edəcəyini vurğulayan iş adamları bu çətin dövrdə dövlət-biznes əməkdaşlığının daha zəruri xarakter daşıdığını qeyd ediblər.
Görüşlə bağlı əvvəlcədən elan edilmiş e-mail ünvana sahibkarlardan çoxsaylı sual və təkliflər daxil olub, həmçinin tədbir zamanı əlavə təkliflər səsləndirilib. Müraciətlərin əsas hissəsi pandemiyadan zərər çəkmiş sahələrin əhatə dairəsinin genişləndirilməsi, vergi güzəştlərinin müddətinin uzadılması, vergi borclarının ödənilməsi üçün güzəşt müddətlərinin müəyyən edilməsi, sosial ödəmələr üzrə əlavə tətilin verilməsi, dövlət zəmanətli kreditlərin müddətinin uzadılması və s. məsələlərlə bağlı olub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov sahibkarların suallarını cavablandırıb, təkliflərlə bağlı fikirlərini bildirib. Görüşdə pandemiyanın özəl sektora təsirlərinin minimallaşdırılması, biznesin dirçəldilməsi və inkişafı yolları müzakirə olunub.