Azərbaycan hökuməti Naxçıvanda idarəetməni təkmilləşdirmək, iqtisadi potensialdan səmərəli istifadə etmək, şəffaflığı artırmaq, biznes üçün şərait yaxşılaşdırmaq və sahibkarların qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq niyyətindədir.
FED.az xəbər verir ki, bu məsələlər bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə dövlət qurumlarının təmsilçiləri və iş adamlarından ibarət nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri və Prezidentin Naxçıvan MR-dakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşdə müzakirə edilib.
Görüşdə son vaxtlar Muxtar Respublikada aparılan islahatlar və görülən işlər müzakirə edilib. Eləcə də Naxçıvanda biznesin genişlənməsinə dəstək, özəl sektorun üzləşdiyi məsələlərin həlli yolları, müvafiq qurumların bu sahədə fəaliyyətinin gücləndirilməsi və digər məsələlər müzakirə edilib.
Naxçıvana səfərində M.Cabbarov Naxçıvan MR İqtisadiyyat Nazirliyinin əməkdaşları ilə görüşüb, qurumun fəaliyyəti müzakirə edilib.
Bildirilib ki, ölkədə aparılan iqtisadi islahatlar və əldə olunan nəticələr fonunda İqtisadiyyat Nazirliyinin iqtisadi tənzimləmədə rolu artıb və Naxçıvan İqtisadiyyat Nazirliyi də səlahiyyətlərindən səmərəli istifadə etməlidir. Görüşdə Mikayıl Cabbarov nazirlikdəki vəziyyətlə tanış olub və müvafiq tövsiyələr verib.