Azərbaycanda kölgə iqtisadliyyatının payının azaldılması, ayrı-ayrı sahələrin şəffaflaşması üçün tədbirlərin bu il də davam etdirilməsi gözlənilir.
Eləcə də bax: Nazirlik iqtisadi və sosial sahələrdə əsas - PRİORİTETLƏRİNİ AÇIQLAYIB
Bu barədə FED.az-ın sualına cavab olaraq İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Onun sözlərinə görə, görülən tədbirlər nəticəsində 2019-cu ildə iqtisadiyyatın müxtəlif sahələrində şəffaflaşma müşahidə edilib.
Nazirin açıqladığı rəqəmlərə görə, 2019-cu ildə iqtisadiyyatın bəzi sahələri üzrə ciddi şəffaflaşma meylləri baş verib. Belə ki, ötən ilin ilk 11 ayında əvvəlki ilin eyni dövrü ilə mqayisədə qeyri-neft sektorunda dövriyyə 12,4% artıb.
İstehsal sektorunda bu göstərici 21%, pərakəndə ticarətdə 37,6%, topdan satış ticarətdə 18,9%, ictimai iaşədə 24,2%, kənd təsərrüfatında isə 19,4% təşkil edib.
Bununla yanaşı, nazir bəzi sahələrdə kölgə iqtisadiyyatının çəkisinin hələ də yüksək olduğunu bildirib: «Xidmət sahəsi, ictimai iaşə, ticarət tikinti və digər sahələrdə biz hələ də kölgə iqtisadiyyatının digər sahələrə nisbətən yüksək olduğunu güman edirik».
Nazir bu sahələrin də şəffalaşması üçün işlərin iki istiqamətdə aparıcağını bildirib: «Bu addımlar bir tərəfdən qanuni şəkildə fəaliyyət göstərən vergi ödəyiciləri üçün iş şəraitinin və qanunvericilik çərçivəsinin yumşadılmasında şəraitin yaradılması, digər tərəfdən isə qanunu pozan vergi ödəyiciləri üçün tədbirlərin sərtləşdirilməsi, elektron, qeyri-nağd dövriyyələrin artımı yolu ilə baş verəcək».