Xəbər verildiyi kimi, ərzaq təhlükəsizliyinin təmin edilməsi və ölkədə lazımi həcmdə ərzaq ehtiyatının saxlanması məqsədilə Nazirlər Kabinetinin qərarı ilə ölkədən bəzi əsas ərzaq məhsullarının ixracına məhdudiyyət tətbiq edilib. Paralel olaraq yerli sahibkarlara maliyyə dəstəyinə başlanılıb ki, ərzaq istehsalını genişləndirsinlər.
Eləcə də bax: "Gündəlik anbar qalıqlarını monitorinq edirik"
FED.az xəbər verir ki, aprelin 12-də prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bu sahədə görülən işləri açıqlayıb.
Mikayıl Cabbarov bildirib ki, ərzaq təminatı ilə bağlı işlər 3 istiqamətdə aparılır.
Birincisi, daimi monitorinq mexanizmləri mövcuddur və biz gündəlik əsasda ərzaq, un, şəkər tozu və bir sıra digər məhsullar üzrə gündəlik anbar qalıqlarını sahibkarlıq subyektləri və dövlət agentləri ilə birlikdə monitorinq edirik.
İkinci istiqamət qanunvericilik tənzimlənməsidir. Bununla bağlı bir sıra qərarlar, son olaraq Nazirlər Kabinetinin qərarı qəbul edilibdir. Biz hazırda belə bir rejim tətbiq edirik ki, o balans təmin etsin. Başqa sözlə, Azərbaycanda istehsal olunmayan və bizim idxaldan asılılığımız yüksək olan məhsulların ölkədən ixracı xüsusi nəzarət rejimi ilə həyata keçirilir. Eyni zamanda, sahibkarlıq subyektlərinin ixrac potensialının azalmaması və ixrac bazarlarının itirilməməsi üçün biz ölkədə istehsal olunan və yaxud istehsal potensialı olan məhsullara dair analoji şəkildə həmin çərçivədə fəaliyyəti tənzimləyirik ki, bu fəaliyyət də uyğun olaraq həyata keçirilə bilsin.
Üçüncü istiqamət sahibkarlıq subyektləri ilə fəaliyyətimizdir. Burada da dövlət tərəfindən aidiyyəti təşviq mexanizmləri tətbiq edilir. Belə ki, Baş nazirin 5 aprel tarixli müvafiq tapşırığına uyğun olaraq 115 milyon manat vəsaitin sahibkarlıq subyektlərinə yumşaq təşviq kreditləri kimi ayrılır, eləcə də pandemiya dövründə olduğu kimi ərzaq istehsalı ilə məşğul olan şirkətlərin kredit borclarının, faizlərinin ödənilməsində dövlət subsidiyaları ayrılır.
Hökumət bununla sahibkara mal qalığını artırmaq üçün əlavə maliyyə vəsaiti verir: «Sahibkarlar tərəfindən həmin ehtiyatların mal qalıqlarının artırılması tələb olunur. Bu da öz növbəsində onlar tərəfindən daha çox dövriyyə kapitalına ehtiyac yaranır. Biz belə çevik mexanizmlərlə işləyirik ki, bir tərəfdən sahibkarların maraqlarına toxunulmasın, digər tərəfdən dövlət qarşısında duran vəzifələr tam həcmdə yerinə yetirilsin»-deyə M.Cabbarov bildirib.
Hökumətin nəzarət etdiyi digər sahə ərzaq qiymətləridir. Hazırda Nazirlər Kabinetinin qərarına uyğun olaraq bununla bağlı nəzarət edilir. Amma qiymətlərə Rusiya-Ukrayna müharibəsi də təsirini göstərir. «Bu gün münaqişədə, müharibədə olan hər iki dövlət Azərbaycan üçün ərzağın həm ixracı, həm də idxalı nöqteyi-nəzərindən vacib tərəfdaş olduğuna görə, biz çalışırıq ki, bu prosesləri də əlaqələndirilmiş şəkildə quraq»-deyə nazir bildirib.
«Azərbaycan cari ilin ilk rübündə daxili bazarı tam təmin etməklə yanaşı, müxtəlif ölkələrə 60 min ton müxtəlif çeşidli meyvələr, 37 min ton tərəvəz, 12 min ton şəkər, 3,5 min ton meyvə-tərəvəz emalı məhsulları ixrac etmişdir. Digər tərəfdən isə, biz həmin struktur asılılığımız olan məhsullar üzrə idxalın sadələşdirilməsi üçün artıq sadaladığım tədbirləri həyata keçiririk».
Müşavirədə Mikayıl Cabbarov qiymətlərin tənzimlənməsi üçün uzunmüddətli tədbirlərin də başlamasını təklif edib, amma sözügedən tədbirlərin nədən ibarət olduğu açıqlanmayıb: «İnflyasiyanın Mərkəzi Bankla və digər aidiyyəti strukturlarla birlikdə aradan qaldırılması üçün qısamüddətli tədbirlərlə yanaşı, hesab edirik ki, orta və uzunmüddətli tədbirlərə də dair addımlar atıla bilər».