2018-ci ildə Azərbaycandan ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (177,4 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 118 milyon dollar) ikinci olub.
FED.az-ın məlumatına görə, siyahıda üçüncü yerdə xurma (114,5 milyon dollar) yer alıb.
ELƏCƏ DƏ BAX: "Tütündən 29 min manat qazanmışıq"
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəşr etdiyi "İxrac icmalı"nın son buraxılışında qeyd olunur ki, ötən il Azərbaycandan 560 milyon dollar dəyərində meyvə-tərəvəz ixrac edilib. Plastmas və ondan hazırlanmış məmulatların ixracı 118,6 milyon, alüminium və ondan hazırlanmış məmulatların ixracı 112,2 milyon, elektrik enerjisinin ixracı 65,6 milyon, qara metallar və onlardan hazırlanmış məmulatların ixracı isə 86,2 milyon dollar təşkil edib. Pambıq lifi ixracı 80,5 milyon, kimya sənayesi məhsullarının ixracı 78,1 milyon, pambıq ipliyi ixracı 24 milyon dollar dəyərində olub.
İcmalda qeyd edilir ki, 2017-ci illə müqayisədə ötən il xarici ölkələrə pambıq lifinin ixracı 2,4 dəfə, elektrik enerjisinin ixracı 29 faiz, pambıq ipliyinin ixracı 49 faiz, plastmas və onlardan hazırlanmış məmulatların ixracı 17 faiz, meyvə-tərəvəzin ixracı 11 faiz, qara metallar və onlardan hazırlanmış məmulatların ixracı isə 4 faiz artıb. 2018-ci ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (25,4 milyon dollar) birinci, pomidor (15,2 milyon dollar) ikinci, fındıq ləpəsi (13,4 milyon dollar) isə üçüncü olub.
Meyvə-tərəvəz ixracının həcmi - AÇIQLANDI
20:34
6 Fev 2019