ABŞ-ın 3-cü ən iri qida və içki şirkəti, Heinz tomat ketçuplarının istehsalçısı Kraft Heinz məhsullarının satış qiymətini artırıb.
FED.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Miquel Patricio ötən həftəsonu BBC-yə müsahibəsində bildirib.
Heinz rəsmisi pandemiya səbəbindən istehsalın əsas xammalını təşkil edən qarğıdalı, şəkər, soya kimi tərəvəzlərin, palma yağının, dənli və paxlalı bitkilərin istehsalında azalmanın qiymət artımına təsirini vurğulayıb. Həmçinin, Böyük Britaniyada yük maşını sürücülərinin, ən iri bazar olan ABŞ-da işçi çatışmazlığının da təsiri olduğunu bildirib: “Bu kimi obyektiv və subyektiv səbəblərdən insanlar ərzaq qiymətlərinin bahalaşmasına alışmalıdır”.
İldə 650 milyon butulka ketçup satan Heinz-in gəlirləri cari ilin birinci yarısında 1,6% artaraq, 13 milyard dollara çatıb. Patricio şirkətin ABŞ-dakı məhsulların yarısından çoxunda qiymət artımına getdiyini, digər regionlarda da məcburi bahalaşma tətbiq edəcəyini bəyan edib.(Marja)