Azərbaycanın iqtisadi qurumlarından İrandakı müharibənin ölkə iqtisadiyyatına təsiri ehtimalı ilə bağlı ilk reaksiya gəlib.
Azərbaycan Mərkəzi Bankı (AMB) elan edib ki, son günlər Yaxın Şərqdə baş verənlər - yəni İrandakı müharibə və onun gətirdiyi dəyişikliklər Azərbaycandakı iqtisadi vəziyyətə ciddi təhlükə yaratmır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı ona ünvanlanan sorğuya cavab olaraq bildirib.
AMB: Geosiyasi gərginlik Azərbaycanda makroiqtisadi sabitliyə ciddi təhdid yaratmayacaq
Qurumdan bildirilib ki, Mərkəzi Bank dünyada baş verən prosesləri və onların qlobal enerji bazarlarında (neft-qaz) qiymətlərə təsirlərini davamlı izləyir: "Son hadisələrin dünya enerji bazarında təklifin daralmasına və bu əsasda enerji məhsullarının qiymətinin artımına təsirləri ehtimal olunur. Neft və qaz qiymətləri üzrə mövcud - fevral fərziyyələri yenilənərsə, AMB bu məlumatları ictimaiyyətlə bölüşəcək".
Xatırladaq ki, son günlər dünya bazarında qiymətlərin 20%-dən artıq artması baş verib. Azərbaycan nefti isə son 15 gündə 18% bahalaşaraq 68 dollardan 86 dollara yüksəlib və bu büdcədəyi qiymətdən 21 dollar artıqdır.
Mərkəzi Bank eyni zamanda İran hadisələrinin yarada biləcəyi qiymət artımlarına, xüsusilə də ölkəyə xaricdən gətirilən ərzaq qiymətlərinə mümkün təsirinə də toxunub. Buradan bildirilib ki, dünyada enerji qiymətləri artdıqca, enerji idxalçı olan ölkələrdə istehsal xərcləri də artır və bu da qiymət artımına səbəb ola bilər, amma dünyada paralel olaraq dollar da bahalaşdığına görə, malların bahalaşmasının Azərbaycana təsiri daha az olacaq: "Neft və qaz qiymətləri üzrə davamlı artım müşahidə olunarsa, ticarət tərəfdaşlarında inflyasiya arta bilər. Lakin son hadisələr fondunda dollar indeksinin möhkəmlənməsi və bu şəraitdə manatın nominal effektiv məzənnəsinin artması ticarət tərəfdaşlarında inflyasiyanın artımını neytrallaşdıra bilər".
Bununla yanaşı, hazırda AMB etiraf edib ki, hazırda qurum İran ətrafında baş verən proseslərin qlobal əmtəə və xidmətlər bazarlarına, o cümlədən Azərbaycana idxal olunan ərzaq qiymətlərinə təsirini qiymətləndirir.
Mərkəzi Bank hələlik bu il üçün Azərbaycan neftinin qiyməti ilə bağlı proqnozlarına dəyişiklik etməyə tələsmir: "Əvvəlki dövrlərin təcrübəsi göstərir ki, belə proseslərin qlobal dəyər zəncirinə təsirlərinin qalıcı və keçici olduğunu müəyyən etmək üçün bir qədər vaxt və əlavə təhlillər lazımdır. İndi Mərkəzi Bankk baş verən proseslərin Azərbaycan neftinin qiymətinə təsirini də izləyir.
Qeyd edək ki, dünyada neftin bahalaşması Azərbaycana daxil olan və ölkədən çıxan valyuta axınlarına, yəni tədiyə balansının cari hesablar hesabına iki formada təsir edir - neftə görə idxal gəlirləri artır, eyni zamanda dünyada yaranan bahalaşmayam görə, xaricdən alınan mallar bahalaşır və idxala sərf edilərək ölkədən çıxanı vəsaitlər də artır. Bu iki amildə əsas təsirlər - əmtəə və xidmət idxalı üzrə olur.
Xatırladaq ki, Azərbaycanda valyuta sabitliyinin - manatın dollara qarşı məzənnəsinin əsas amili - cari əməliyyatlar balansının (CƏB) profisitli olmasıdır. Bu sahədə hələlik proqnozlara görə təhlükə yoxdur: "AMB-nin proqnozlarına görə 2026-2027-ci ildə də CƏB-in profisitli olacağı gözlənilir. Neft və qazın qiyməti artarsa, bu profisitin daha da genişlənməsi ehtimal olunur".
Yeri gəlmişkən, Mərkəzi Bank hesab edir ki, neft qiymətlərinin yüksək səviyyədə qalması valyuta ehtiyatlarının idarə olunması strategiyasına müsbət təsir edə bilər, bahalı neft valyuta ehtiyatlarını bir dərə də artıra bilər.
Ölkənin maliyyə sektorunun İrandakı müharibə və onunla bağlı yaranan vəziyyətə hazırlığına gəlincə, Mərkəzi Bank bildirir ki, hazırda maliyyə sektoru stabildir, maliyyə bazarları stabil fəaliyyət göstərir: "Ümumilikdə maliyyə sektorunun bütün göstəriciləri, xüsusilə də kapital adekvatlığı və likvidlik mövqeyi normativləri əhəmiyyətli üstələyir, kredit portfelinin keyfiyyəti üzrə müsbət dinamika müşahidə olunur və dollarlaşma göstəriciləri tarixi minimuma çatıb".
Yəni hazırda kreditlərin qaytarılmasında ciddi problem yoxdur, problem mənbəyi ola biləcək dollar kreditlərinin payı isə tarixdə ən aşağı həddədir.
"Son proseslərin ölkədə makroiqtisadi sabitlik və maliyyə sabitliyi üzrə hər hansı bir ciddi təhdid yaradacağını ehtimal etmirik. Bu, baş verərsə əvvəlki illərin təcrübəsi əsasında deyə bilər ki, AMB hökumətlə birlikdə effektiv şəkildə bu təhdidlərə qabaqlayıcı reaksiya verəcək", - AMB-nin məlumatında vurğulanıb.












