Bu ilin I rübündə manatla pul bazası 7,4% azalıb və rübün sonuna 7277,5 mln. manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-mart ayları üzrə Pul siyasəti icmalında öz əksini tapıb.
Sənəddə qeyd olunub ki, dövr ərzində pul bazasının azalmasının komponentləri olan dövriyyədə olan nağd pul kütləsi (bank sistemindən kənar nağd pul və bankların kassalarındakı nağd pul) 4,3%, manatla müxbir hesablar isə 32,8% azalıb.
“I rübdə manatla pul bazası ilin əvvəlinə nəzərən pul kütləsinə nisbətdə daha çox azalıb. Bu bank sisteminin pul yaratmaq qabiliyyətini ifadə edən pul multiplikatorunun artması ilə izah edilir. Dövr ərzində manatla pul multiplikatoru 2,7% yüksələrək 1,51-ə çatıb. Dövr ərzində manatla geniş pul kütləsi (M2) 4,9% azalaraq dövrün sonuna 10981,9 mln. manat təşkil edib. Manatla pul kütləsinin (M2) strukturunda nağd pul kütləsi, fiziki şəxslərin əmanətləri və hüquqi şəxslərin depozitləri fərqli dinamika nümayiş etdirib. Belə ki, dövr ərzində nağd pul kütləsi 3,6%, fiziki şəxslərin manat əmanətləri 2,4%, hüquqi şəxslərin manat depozitləri isə 7,6% azalıb. Manatla müddətli depozitlər dövr ərzində 0,6%, tələb olunanadək depozitlər isə 12,3% azalıb. Hesabat dövrü ərzində geniş pul kütləsi (M3) 4,7% azalıb və dövrün sonuna 19902,9 mln. manat təşkil edib. Hesabat dövründə bank depozitlərinin dollarlaşması səviyyəsində əhəmiyyətli dəyişiklik baş verməyib. Belə ki, xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi ilin əvvəlində 44,7%, I rübün yekunu üzrə isə 44,8% təşkil edib”, - deyə sənəddə vurğulanıb.
Məlumata görə, xarici valyutada depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi isə ilin əvvəlində 64,4% təşkil etdiyi halda I rübün sonuna 64,8% təşkil edib.
Sənəddə o da qeyd olunub ki, il ərzində fiziki şəxslərin manatla əmanətləri 2,4%, xarici valyutada əmanətləri 8,4% azalıb. Nəticədə, fiziki şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi ilin əvvəlindəki 79,6%-dən 78,6%-ə enib.