Azərbaycan Mərkəzi Bankı (AMB) ötən il "Aqrarkredit" QSC-nin 7,5 mlrd. manat nominal dəyərə və 0,15% dərəcəsinə malik qiymətli kağızlarını alıb. Bu barədə "PricewaterhouseCoopers Azerbaijan" şirkəti tərəfindən aparılan audit hesabatında qeyd edilib.
Qeyd edək ki, 2015-ci ildə AMB-nin dövlət şirkətindən 2,5 mlrd. manat nominal dəyərə malik qiymətli kağız alıb. Beləliklə, Mərkəzi Bankın indiyədək "Aqrarkredit" QSC-dən aldığı istiqrazların həcmi 10 mlrd. manata çatıb.
Qiymətli kağızlar üçün son ödəniş tarixi 2045-ci ildir. Qeyd edək ki, bu qiymətli kağızların ödənişinə dövlət zəmanəti verilir.
Xatırladaq ki, həmin qiymətli kağızlar "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri" haqqında və "Aqrarkredit" QSC tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtlərinin təsdiq edilməsi haqqında" Azərbaycan prezidentinin fərmanı əsasında alınıb.