Azərbaycanda kotirovka sorğuları da elektron portal vasitəsilə keçiriləcəkdir.
FED.az xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “2020-ci ilin yekunları” adlı onlayn konfransda Xidmətin rəis müavini Məmməd Abbasbəyli bildirib.
""Dövlət satınalmaları haqqında" yeni qanun layihəsi hazırlanıb. Bu qanun qəbul edildikdən sonra kotirovkalar da elektron satınalmalar (E-satınalma) portalı vasitəsilə aparılacaqdır. Kotirovka sorğularının da portal vasitəsilə aparılması elektron satınalmaların həcminin artmasına səbəb olacaqdır",- Məmməd Abbasbəyli deyib.
Qeyd edək ki, 50 min manat və ondan yuxarı həcmdə bütün dövlət satınalmaları tender vasitəsi ilə həyata keçirilir. Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti 5 min manatdan 50 min manatadək olan satınalmalar qanunvericilik tələblərinə riayyət etməklə kotirovka sorğusu üsulu ilə həyata keçirilə bilər.
Hazırda yalnız satınalma predmetinin ehtimal olunan qiyməti 3 milyon ABŞ dollarının manat ekvivalentində (5.7 milyon manat) və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilir.
Məmməd Abbasbəyli qeyd edib ki, 2020-ci ildə cəmi dövlət satınalmalarının həcmi 6 milyard 567 milyon manat, o cümlədən elektron satınalmaların həcmi 930 milyon manat təşkil edib. (Marja)