Sentyabrın 15-də Belarus Respublikasının Minsk şəhərində Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 64-cü iclası keçirilib. Bu barədə Fed.az-a Komitənin mətbuat xidmətindən məlumat veriblər.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
İclasda Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının sədri seçilib və müzakirə olunacaq məsələləri diqqətə çatdırıb.
Tədbirin gündəliyinə əsasən, Şuranın katibi MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 63-cü iclasında qəbul olunmuş qərarların yerinə yetirilməsinin vəziyyəti haqqında məlumat verib və bu barədə qərar imzalanıb.
İclasda “Dəmir yolu nəqliyyatı ilə daşınan malların gömrük rəsmiləşdirilməsi və nəzarəti zamanı MDB üzv dövlətlərin gömrük orqanları və dəmir yolu administrasiyalarının qarşılıqlı fəaliyyətinə dair nümunəvi texnologiya” və “MDB üzv dövlətlərin gömrük orqanlarının informasiya sistemlərinin və resurslarının informasiya təhlükəsizliyinə dair nümunəvi tələblər” layihələri haqqında, eləcə də Müstəqil Dövlətlər Birliyinin Xarici İqtisadi Fəaliyyətinin Vahid Mal Nomenklaturasına dəyişikliklər edilməsi barədə qərarlar qəbul olunub.
Bundan başqa, CENcomm RİLO-Moskva əməliyyat platformasının kanallarından istifadə etməklə həyata keçirilən fasiləsiz işləyən əlaqə məntəqələrinin qarşılıqlı informasiya fəaliyyətinə dair Reqlament təsdiq edilib.
Daha sonra iclasda MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının, eyni zamanda, Şuranın Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin 2017-ci il üçün iş planları təsdiqlənib, Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistemin 6-cı nəşrinin rus dilindəki variantına dəyişikliklər edilməsinə dair qərar qəbul edilib.
Qeyd edək ki, iclasda Azərbaycan nümayəndə heyəti “BYD kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında” 1975-ci il tarixli Gömrük Konvensiyasına dəyişikliklərin edilməsinə dair qərarı imzalamayıb.
İclas zamanı Rusiya Federal Gömrük Xidmətinin gömrük əməkdaşlığı idarəsi rəisinin birinci müavini Yevgeniy Kozırev MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının katibi, Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini Ruslan Davıdov isə Şuranın Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin sədri təyin olunublar.
Sonda MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasının Azərbaycan Respublikasında keçirilməsi qərara alınıb.
Onu da bildirək ki, sentyabrın 15-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 64-cü iclasının iştirakçılarını qəbul edib.
Görüşdə qaçaqmalçılıq hallarına, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə gömrük xidmətlərinin roluna toxunulub, gömrük işində əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi barədə müzakirələr aparılıb. Belarus Prezidenti ölkə sərhədlərində infrastrukturun inkişaf etdirilməsi, təhlükəsizliyin təmin olunması və malların maneəsiz daşınması istiqamətində həyata keçirilən proqramlardan bəhs edib.
Öz növbəsində, görüşdə iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Azərbaycanla Belarus arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edib, əlaqələrin bundan sonra da müsbət məcrada inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib.Azərbaycanın Belarusla gömrük sferasında da qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdıran nümayəndə heyətinin rəhbəri bu baxımdan tərəflər arasında əlaqələrin inkişafının və inteqrasiyasının vacibliyini bildirib,tranzit potensialının artırılması sahəsində gömrük xidmətlərinin qarşılıqlı fəaliyyətinin zəruriliyini vurğulayıb, eyni zamanda Belarus Respublikası Dövlət Gömrük Komitəsi rəhbərinin Azərbaycana rəsmi səfərə dəvət olunduğunu diqqətə çatdırıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Belarusda logistik xidmət göstərən “Beltamojservis” unitar müəssisəsinə baş çəkib, göstərilən xidmətlərlə, xüsusilə idxal-ixrac əməliyyatlarının elektron qaydada rəsmiləşdirilməsi prosesi ilə yaxından tanış olublar.
Qeyd edək ki, iclas çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra dövlətlərin gömrük xidməti rəhbərləri ilə ikitərəfli görüşlər də keçirib.
Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavinlə görüşdə iki qonşu ölkənin siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrindən söhbət açılıb. Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi, bütün sahələrdə, o cümlədən, gömrük sferasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb.
Bundan başqa, Azərbaycan tərəfi Belarus, Tacikistan və Latviya gömrük xidmətlərinin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib, qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.
Xatırladaq ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev səfər çərçivəsində Belarus Respublikasının aparıcı kütləvi informasiya vasitələrinə müsahibə vermiş, müsahibəsində Belarus və Azərbaycan gömrük xidmətləri arasında qarşılıqlı məlumat mübadiləsi, qaçaqmalçılıq hallarına, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə birgə fəaliyyətin təşkili və iki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində görülən işlərdən bəhs etmişdir.
Onu da qeyd edək ki, iclas çərçivəsində Belarus Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illiyi ilə bağlı tədbirlərdə Azərbaycan nümayəndə heyəti də iştirak edib.
MDB Gömrük Xidməti Rəhbərləri Şurasının növbəti iclası keçirilib
11:00
16 Sen 2016