ABŞ prezidenti Co Bayden Dünya Bankının yeni prezidenti postuna «Mastercard»ın keçmiş rəhbəri Acay Banqu-nun təyin edilməsini təklif edib.
FED.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Qeyd edək ki, indiyədək mövcud olan ənənəyə görə, Dünya Bankının rəhbərlərini ABŞ hökuməti, Beynəlxalq Valyuta Fondunun rəhbərlərini isə Avropa İttifaqı təyin edir.
Hazırda Acay Banqu «General Atlantic» investisiya şirkətinin vitse-prezidenti postunu tutur.
Bayden elan edib ki, Banqa «tarixin bu kritik dövründə» Dünya Bankına rəhbərlik etmək üçün unikal xüsusiyyətlərə malikdir.
Onun sözlərinə görə, «General Atlantic»in vitse-prezidenti 30 ilə yaxın müddətdə uğurlu qlobal şirkətlər qurub, onları idarə edib, iş yerləri yaradıb və inkişaf etməkdə olan ölkələrə investisiyalar cəlb edib.
Xatırladaq ki, Dünya Bankının indiki prezidenti Devid Melpas postunu vaxtından əvvəl tərk edəcəyini bildirib – o hələ bir ildə qalıb işləyə bilərdi. Melpas 2019-cu ildə o vaxtkı prezident Tramp tərəfindən təyin edilmişdi. istefanın səbəbi açıqlanmır.