2023-cü ilin 9 ayında Mərkəzi Bankda ARDNF-in valyuta satışlarının həyata keçirilməsi üzrə 71 valyuta hərracı baş tutub.
FED.az xəbər verir ki, bu, Mərkəzi Bankın 2023-cü ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalında bildirilir.
Hesabat dövründə valyuta hərraclarının 99%-də təklif tələbi üstələyib. Dövr ərzində Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olub. Dövr ərzində manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Blumberq” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib. Hesabat dövründə manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil edib. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın hərəkət edib. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6946 manat, satış məzənnəsi isə 1.7021 manat təşkil edib.
Hesabat dövründə manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı müxtəlif istiqamətdə dəyişmişdir. Belə ki, manatın məzənnəsi nominal olaraq Türkiyə lirəsinə, Qazaxıstan tengəsinə, Rusiya rubluna, Yaponiya yeninə, Çin yuanına qarşı bahalaşmış, avroya, İngiltərə funt-sterlinqinə, İsveçrə frankına və Gürcüstan larisinə qarşı ucuzlaşmışdır. İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib.
Ümumilikdə, ilin əvvəlindən manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 19.3%, real effektiv məzənnəsi isə 7.5% möhkəmlənmişdir. Azərbaycandakı inflyasiyanın tərəfdaş ölkələrdəki orta inflyasiyadan aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir edib.
Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiya idxalını məhdudlaşdıran başlıca amillərdən biri kimi çıxış edib.