Qarşıdakı 1 ildə Azərbaycanda orta aylıq əmək haqqı cəmi 72 manat artacaq.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərindən məlum olur.
Açıqlamada bildirilir ki, 2026-cı ilin sonunda Azərbaycanda orta aylıq əməkhaqqının 1 170,8 manata çatacağı proqnozlaşdırılır.
Xatırladaq ki, bir neçə gün əvvəl Dövlət Statistika Komitəsi ölkədəki orta aylıq əmək haqqının məbləğini açıqlayıb. Məlumata görə, bu rəqəm 1098,1 min manat təşkil edir. Başqa sözlə, 2025-ci ilin sonu və 2026-cı il ərzində orta aylıq əmək haqqının indiyindən cəmi 72 manat artıq olması gözlənilir. Bu maaşların illik cəmi 6,6% artması deməkdir. Amma bu artımın böyük hissəsini inflyasiya «yeyəcək» - hökumətin proqnozuna görə, 2026-da ölkə üzrə qiymət artımı 4,8% gözlənilir. Bunu nəzərə alanda maaşların real artımı cəmi 1,8% olacaq.
Qarşıdakı illərdə də maaş artımı güclü olmayacaq.
Belə ki, hökumətin proqnozlarına görə, 2027-ci ildə orta maaş 1 246,8 manat olacaq, bu 2026 ilə müqayisədə 76 manat və ya 6,5% artıqdır. 2027 üçün inflyasiya proqnozu 4,5% gözlənilir, yəni maaşların real artımı isə 2% olacaq.
2028-ci ildə orta əmək haqqının 1 327,6 manat olacağı, yəni 2027-ci ildəkindən 81 manat, yəni 6,5% artıq olması gözlənilir. Həmin il üzrə 4,3%lik inflyasiya proqnozunu nəzərə alanda real maaş artımı 2,2% təşkil edəcək.
2029-cu ildə isə orta maaş 1 411,8 manat gözlənilir. Bu əvvəlki ildən 84,2 manat və ya 6,3% artıqdır. Bu artımın da 4,2%-i qiymət artımı ilə əriyəcək.
Xatırladaq ki, 2025-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artaraq 1098,1 manat təşkil edib.