Prezident İlham Əliyev ölkədə süni qiymət artımına yol verməmək üçün dövlət qurumlarına nəarəti gücləndirməyi tapşırıb.
FED.az xəbər verir ki, dövlət başçısı bu barədə Nazirlər Kabinetinin iclasında bildirib.
Onun sözlərinə görə, son vaxtlar əhalinin gəlirləri artdığına görə, bəziləri bundan istifadə edib qiymətləri artırmaq istəyirlər. Amma buna yol vermək olmaz:
«(Ölkədə) makroiqtisadi vəziyyət sabitdir, manat sabitdir və belə halda əlbəttə süni qiymət artımına yol vermək qətiyyən olmaz. Bəzi hallarda bəzi məhsulların qiymətində artım olur, buna qətiyyən yol vermək olmaz.
Bəzi hallarda bu mövsümi artımdır, bəzi hallarda isə bu qiymətlər süni şəkildə artırılır».
Dövlət başçısı bildirib ki, hazırda ölkə iqtisadiyyatında canlanma var insanların alıcılıq qabiliyyəti artır: «Bunu statistik göstəricilərdən görürük, istehlak bazarına nəzarət edən qurumlar görür.
Maaşlar, təqaüdlər artır, problemli borclarla bağlı ödənişlər başlayıb. Amma imkan verə bilmərik ki, hansısa natəmiz adamlar, möhtəkirlər bundan istifadə edib qiymətləri süni qaldırsınlar. Və ya hansısa inhisarçılıqla məşğul olsunlar. Ona görə də istehlak qiymətlərinə daim nəzarət olmalıdır və süni qiymət artımına qətiyyən yol verilməməldir. Müvafiq qurumlar bu işlə çox ciddi məşğul olmalıdırlar».