Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentində Bakı şəhəri ərazisində fəaliyyət göstərən sahibkarlarla, eləcə də sahibkarların ictimai birlikləri, assosiasiyaları və qeyri-hökumət təşkilatlarının nümayəndələri görüş keçirilib.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən FED.az-a verilən məlumata görə, görüşün məqsədi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunun və “Nağdsız hesablaşmalar haqqında qanun”un tətbiqi, Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli Qərarı ilə "Elektron qaimə-fakturanın forması" və "Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları", Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması" və “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması" Qaydalarının tətbiqi, həmçinin “İnsan Hüquqları Aylığı” ilə bağlı insan hüquq və azadlıqlarının müdafiəsi, o cümlədən sahibkarların hüquqlarının müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində müzakirələr aparmaqdan ibarət olub.
Tədbirdə çıxış edən vergilər nazirinin müşaviri - Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib ki, vergi qanunvericiliyində baş vermiş dəyişikliklərin mahiyyətinin iş adamlarına çatdırılması məqsədilə cari ilin əvvəlindən geniş miqyaslı maarifləndirmə və məlumatlandırma təbirləri həyata keçirilməkdədir. Bu məqsədlə bütün vergi ödəyicilərinin elektron qutularına məktublar göndərilir, izahlı praktiki vəsait və bukletlər hazırlanaraq Vergilər Nazirliyinin internet saytında, sosial şəbəkələrdə və digər kütləvi informasiya vasitələrində yerləşdirilir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında» sərəncamından irəli gələn məsələlərin həlli ilə bağlı vergi sistemində aparılan islahatlar hüquqi bazanın təkmilləşdirilməsindən tutmuş vergi inzibatçılığının yenidən qurulmasına qədər bütün sahələri əhatə edir. Bu baxımdan əlavə məlumatlandırma tədbirlərinə ehtiyac yarandığını nəzərə alaraq Vergi Məcəlləsinə və digər aidiyyəti normativ hüquqi aktlara edilən dəyişikliklərlə bağlı sahibkarlarla, eləcə də sahibkarların ictimai birlikləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri, iri istehsalçılar, ixrac və topdansatış, tikinti nəqliyyat və logistika, təhsil, səhiyyə, ictimai iaşə və pərakəndə ticarət və s. fəlaliyyətlə məşgul olan vergi ödəyiciləri ilə görüşlərin qrafiki hazırlanıb. Qrafikə əsasən may ayının 24-dək Bakı şəhərində, 19-dək isə regionlarda fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Görüşdə sahibkarların və QHT nümayəndələrinin “Nağdsız hesablaşmalar haqqında” qanunun tətbiqi ilə əlaqədar bank hesablarından vəsaitlərin nağdlaşdırılması, belə əmıliyyatlara 1 faizlik sadələşdirilmiş verginin tətbiqi ilə bağlı yaranan bir sıra çətinliklər, ictimai iaşə və pərakəndə ticarət fəaliyyəti sahəsində gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı yeni qəbul edilmiş qaydalar, əldə edilən malların, iş və xidmətlərin sənədləşdirilməsi, uçotun şəffaflığının təmin edilməsi ilə bağlı ortaya çıxan sualları cavablandırılıb.
Lokal Gəlirlər Departamentində vergi ödəyiciləri ilə görüş keçirilib
16:32
15 May 2017