Ölkəmizdən ixrac olunan bitki və bitkiçilik məhsullarının daşınması sahəsində fəaliyyət göstərən şirkətlər bəzən müxtəlif təsərrüfatlardan, vətəndaşlara məxsus həyətyanı sahələrdən məhsulları toplayaraq yük partiyaları formalaşdırır. Bununla əlaqədar olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bəyan edir ki, qanunvericiliyə əsasən, bitki mühafizəsi tədbirləri həyata keçirilmiş və zərərvericilərdən azad təsərrüfatlardan məhsulların daşınmasına icazə verilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən FED.az-a verilən məlumata görə, həmin yük partiyaları formalaşdırılmazdan əvvəl logistika şirkətləri tərəfindən müraciət edən təsərrüfatlarla bağlı dəqiq məlumatlar AQTA-ya təqdim olunmalı, agentliyin müfəttişləri tərəfindən həmin təsərrüfatlara baxış keçirildikdən sonra onların iştirakı ilə məhsul partiyalarının yüklənməsi həyata keçirilməlidir. Əks halda həmin şirkətlərə sertifikatların verilməsindən imtina olunacaq.