Dekabrın 7-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Regional tranzit ticarətinin sadələşdirilməsi” mövzusunda seminar işə başlayıb.
DGK mətbuat xidmətindən Fed.az-a verilən məlumata görə, tədbir Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində təşkil olunub.
Seminarda Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistan gömrük orqanlarının, eləcə də CAREC ölkələri Daşıyıcılar və Ekspeditorlar Assosiasiyaları Federasiyasının və digər ozəl təşkilatların (həmçinin sığorta şirkətləri) nümayəndələri iştirak edir.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev Azərbaycanda gömrüyün modernləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə imzaladığı sərəncamlar barədə məlumat verən Komitə sədrinin müavini həmin sərəncamların vətəndaş-məmur təmasını minimuma endirdiyini, eləcə də şəffaflığın artırılması, beynəlxalq ticarətin sürətləndirilməsi və asanlaşdırılmasında mühüm rol oynadığını vurğulayıb. Gömrük prosedurlarının sadələşdirilməsi, risklərin idarə edilməsi sahəsində görülən işlər və “Yaşıl dəhliz” sisteminin tətbiqi barədə də danışan Əsgər Abdullayev bu yeniliklərin Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə yükdaşımalarda Azərbaycanın önəmini daha da artıracağını bildirib.
Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Nəriman Mannapbəyov təmsil etdiyi qurumun mütəxəssislərinin region ölkələrində tranzitlə bağlı apardığı araşdırmalardan bəhs edib və seminarda nəticələrin müzakirə olunacağını söyləyib. Nümayəndəliyin rəhbəri qeyd edib ki, əsas məqsəd tranzit ticarətinin yaxşılaşdırılması və bununla da iqtisadi tərəqqiyə nail olmaqdır.
Daha sonra Asiya İnkişaf Bankının mütəxəssisləri Kristina Lozano və Graham Ualker regional tranzit ticarəti və tranzit yolları barədə seminar iştirakçılarını məlumatlandırıblar.
Dekabrın 8-dək davam edəcək seminarda CAREC proqramı çərçivəsində regional tranzit ticarətinin sadələşdirilməsi, tranzit axınlarına dair tədqiqatlar, regional tranzitin zəmanətli mexanizmi, qanunvericilik və normativ hüquqi aktlara dəyişiklik, institusional və idarəetmə strukturları, gömrük əməkdaşlığı, hüquqi və tənzimləyici məsələlər və s. mövzuda məruzələr dinləniləcək.
“Regional tranzit ticarətinin sadələşdirilməsi” mövzusunda seminar işə başlayıb
14:43
7 Dek 2016