Bir müddət əvvəl “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Bakı və Abşeronda onlarla obyektin sökülməsi üçün yerli rayon məhkəmələrində iddia qaldırması məsələsi ictimai maraq doğurub. “Azərsu”nun iddiasına görə, onlarla sahibkarın obyekti və yaşayış evləri su-kanal xətlərinin mühafizə zolağında inşa edilib.
Belə ki, təkcə Bakıda 200-dən çox, Abşeronda 47 kommersiya obyekti, 2 mindən çox fərdi yaşayış evi magistral su kəmərlərinin və daşıyıcı kollektorların üzərində inşa edilib.
FED.az xəbər verir ki, “Qafqazinfo” ictimai maraq doğuran hadisə ilə bağlı bəzi məlumatlar əldə edib. Məlum olub ki, Bakıda illərdir fəaliyyət göstərən bir sıra məşhur restoranlar magistral su kəmərlərinin üstündə tikilib. Bu restoranlar paytaxtın Nizami rayonu Mikayıl Əliyev və Bəkir Çobanzadə küçəsində yerləşir.
Həmin şadlıq evlərinin siyahısında “Neolit”, “Qızılqaya”, “Ay işığı”, “Xəmsə”, “Sarı gəlin”, “Xarı bülbül”, “Xan qızı”, “Yeddi gözəl” kimi restoranlar var.
Bu restoranlar “Azərsu”nun 1000-1200 diametrli yüksək təzyiqli magistral su kəmərlərinin üstündə tikilib.
Artıq “Neolit” və “Qızılqaya” restoranının sökülməsi üçün “Azərsu” tərəfindən iddia məhkəməyə təqdim olunub. Hazırda 121 obyektin işinə məhkəmədə baxılır. Əlavə 60 obyektlə bağlı sənədlər isə hazırlanıb bu yaxınlarda məhkəməyə təqdim olunacaq.
Eyni zamanda magistral su kəmərinin yaxınlığında və ya üzərində tikilən çoxsaylı yaşayış evləri və bəzi kiçik obyektlər də var. Bunlar isə daha çox Binəqədi rayonu, Biləcəri qəsəbəsindədir.
Biləcəri qəsəbəsində vəziyyət müşahidə edilib.
Məlum olub ki, həmin ərazidəki bir neçə obyekt icarədarlarının məsələdən xəbəri yoxdur. Çünki onlar obyekti icarəyə götürüblər. Sahibini isə demək olar ki tanımırlar.
Ordubadi küçəsində elə evlər var ki, sözügedən kəmərlər onların həyətindən keçir. Üstündə hətta tikinti işləri də aparılıb. Sakinlər isə bildirir ki, həmin evləri 10-15 il bundan qabaq tikiblər. Vaxtilə bu evləri tikən zaman icra nümayəndəliyi onlara təhlükənin olacağı barədə heç nə deməyib. Sakinlər iddia edir ki, onlardan razılıq aldıqdan sonra ev tikməyə başlayıblar.
“Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı söhbət zamanı bildirib ki, son beş ildə mühafizə yerlərinin yaxınlığında ev və ya obyekt tikilməsinə onlar tərəfindən icazə verilmir: “Biz bununla bağlı müvafiq siyahını hazırlayıb hökumətə təqdim etmişik. 5200-dən artıq belə tikinti var. Onlardan 3300- ü yaşayış evi, qalan 1900-ü isə müvafiq tikili və obyektlərdir. Təkcə 2500-ü Binəqədi rayonu, xüsusilə də Biləcəri qəsəbəsi ərazisindədir. Belə ki, Ceyranbatan-Binəqədi xətti üzrə 3 magistral xətt bu rayonun ərazisindən keçir. Demək olar ki, hər yerdə bu mühafizə zonası pozulub. Yaşayış evinin və ya obyektin mühafizə zonasından nə qədər aralı yerləşməsi təzyiqdən asılıdır. Bu 5 metr, 10 metr, 15 metr də ola bilər. Ən yüksək təzyiqli 1200-1400 diametrli xətlərdə isə bu 20-25 metr təşkil edir. Sabah qəza baş verəcəyi halda onu necə aradan qaldıracağımız müşkül məsələyə çevrilib. Hətta qəza insan təlafatı ilə də nəticələnə bilər.
Hətta elə evlər var ki, xətti öz hasarına alıb və kəmərdə “stayak” quraşdıraraq havayı başa gələn suyu su maşınlarına doldurub 25-30 manata camaata da satırlar”.
Bu kimi halların baş verməsində məsuliyyət daşıyan orqanlarla yanaşı, məsələnin hüquqi və iqtisadi yollarını, həmçinin vəziyyətdən çıxış yollarını da araşdırılıb.
Qeyd etdiyimiz kimi, sözügedən şadlıq sarayları Nizami rayonu ərazisində yerləşir.
Rayon icra hakimiyyəti başçısının müavini İldırım Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Bəkir Çobanzadə və Mikayıl Əliyev küçəsində faktiki fəaliyyət göstərən şadlıq evləri hardasa 15-20 il əvvəl tikilmiş restoranlardır: “Yəni bu, bugünün, dünənin işi deyil. Göz qabağında olmuş işlərdir. Bu gün gəlmiş icra başçısı nə bilsin ki, orada neçə il əvvəl iş necə olub? Orada restoran bir, ya iki deyil. “Azərsu” yəqin ki, araşdırma aparıb, müəyyən qədər məlumatı var. Sökülmə ilə bağlı iddia təmin edilsə belə o restoranların hamısının sökülməsi qeyri- mümkün olan işdir. “Azərsu” da bu günün təşkilatı deyil. O şadlıq evləri də bu günün deyil. Məhkəməyə verilən restoran sahibləri bizə bu barədə müraciət etməyiblər. Yəqin ki, müraciət etsələr məsələ aydınlaşdırılar”.
Bu arada qeyd edək ki, sözügedən məsələylə bağlı Binəqədi RİH-yə müraciət etsək də, hələ ki, cavab verilməyib.
Məsələnin hüquqi tərəflərinə toxunan vəkil Xəyal Bəşirov “Qafqazinfo”ya bildirib ki, bu məsələ ölkəmizdə, xüsusilə də paytaxt Bakı şəhərində çox böyük və ciddi problemdir: “Geniş tikinti işləri aparılarkən həm tikintini aparanlar, həm də müəyyən səlahiyyətli şəxslər tərəfindən sui-istifadə hallarına yol verilib. Haqqında danışdığımız bu cür neqativ halların acı nəticələri çox təəssüflər olsun ki, bu gün də cəmiyyətimizdə yaşanmaqdadır ki, hazırda da onların aradan qaldırılması dövlətə və müvafiq qurumlara əlavə yeni problemlər yaradır.
Qüvvədə olan qanunvericiliyimizə əsasən bütün magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililər qanunsuz hesab olunur.
Daha sonra Mülki Məcəlləyə əsasən tikinti məqsədləri üçün ayrılmayan bu cür torpaq sahələrində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evləri, digər tikililər, qurğular və ya başqa daşınmaz əmlaklar özbaşına tikintilər sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, yəni, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Bəhs etdiyimiz qanunsuz tikintilərə yol verən şəxslərin məsuliyyəti məsələsinə gəldikdə isə bu cür hüquqazidd əməllərə yol vermiş şəxslərin həmin tikililəri məhkəmə qərarı əsasında sökülməklə yanaşı, özləri barəsində də qanunvericilikdə çox ciddi cəza tədbirləri nəzərdə tutulub. Belə ki, Cinayət Məcəlləsinin 222-2-ci maddəsinin tələblərinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icazə almadan magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparan şəxslər iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla, onların bu əməlləri ağır nəticələrə səbəb olduqda isə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum oluna bilərlər.
Bundan başqa diqqətçəkən məqamlardan biri də bu cür qanunsuz tikinti işlərinin aparılmasına icazə verən və ya şərait yaradan vəzifəli və ya digər səlahiyyətli şəxslərlərlə bağlı məsuliyyət məsələsidir. Bu cür qanunsuz əməlləri sübuta yetirilən müvafiq vəzifəli şəxslər barəsində də qanunvericilikdə kifayət qədər ciddi cəzalar mövcuddur. Cinayət Məcəlləsinin 314-2-ci maddəsinin məzmununa əsasən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin, texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında torpaq sahələri və ya kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə, qeyd olunan əməllər ağır nəticələrə səbəb olduqda isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər”.
Problemin həlli yolları ilə bağlı saytımıza danışan iqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, bizdə uzun illər şəhərsalma normalarının çox ciddi şəkildə pozulması ilə müşayiət olunan qərarlar qəbul olunub: “2012-2013- cü illərə qədər yeni Şəhərsalma Məcəlləsi qəbul olunarkən bu proses daha geniş şəkildə müşahidə olundu. Bu, hüquqi boşluqdan baş verdi. Çünki yaşayış zonalarından mühəndis infrastruktur normalarının ayrılmasını tənzimləyən hüquqi baza yox idi. Belə hüquqi boşluq şəraitində icra hakimiyyəti orqanları müəyyən qədər bundan istifadə etdilər. Amma daha çox korrupsiya və qeyri-peşəkar maraqlar naminə yaşayış zonaları ilə infrastruktur mühafizə zonaları bir -birindən ayrılmadan qərar qəbuluna getdilər. Bir çox hallarda mühəndis infrastruktur zolaqlarının üzərində yüksək gərginlikli qaz, su, elektrik xətlərinin üzərində qanunvericilik normalarını pozaraq ya yaşayış, ya da qeyri-yaşayış evlərinin tikintisinə sərəncamlar verdilər. İndi isə bəzi hallarda biz görürük ki, hər hansı qəza baş verdikdə onda müvafiq strukturlar kommunal xidmət strukturlarının yadına düşür ki, həmin evlərin və ya istehsalat obyektlərinin ərazidə yerləşməsi qanunsuzdur.
İndiki mövcud qanunvericiliyə görə sərəncam verilərkən şəhərsalma normalarının gözlənilməsi üçün mühəndis infrastruktur zonaları ilə elə məsafələr seçilməlidir ki, bu onların fəaliyyətinə hər hansı kənar təsir etməsin. Hansısa qəza halında həmin magistral xətlərdə əməliyyat həyata keçirmək mümkün olsun.
Nazirlər Kabinetinin qərarına əsasən 1200 mm diametri olan su magistral xəttindən tikinti obyektləri ən azı 20 metr məsafədə yerləşməlidir. Respublika əhəmiyyətli yollardan tikinti yaşayış yerləri ən azı 30 metr məsafə aralığında olmalıdır. Bunlar Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənir.
Su-mühafizə zonaları isə Nazirlər Kabinetinin 56 saylı qərarı ilə tənzimlənir”.
İqtisadçı vurğulayıb ki, bu məsələdə yerli icra hakimiyyəti orqanlarının çox ciddi şəkildə özbaşınalıığı olub: “1990-ci illərin ortalarından 2012- ci illərə qədər çox ciddi şəkildə şəhərsalma xaosu olub. İndi proses də bu nöqtəyə gəlib çatıb. Bundan geri qayıtmaq mümkün deyil. Nəticələr aradan qaldırılmalıdır.
Bunun üçün iki yanaşma olmalıdır. Bir müddət əvvəl Bakıda qanunsuz tikintilərin leqallaşdırılması ilə bağlı parlamentə qanun layihəsi daxil oldu. Sonra o qanun layihəsi aradan çıxdı. O zaman da təklifim bu idi ki, Bakıda və Abşeronda çoxlu yüksək gərginlikli su və elektrik xətlərinin üzərində, yaxınlığında olan evlər var. Əgər fərdi qaydada hər hansı ev sözügedən xətlərin üzərində tikilibsə və mənzillərin də sayı azdırsa, o yüksəkgərginlikli xətti kənara çıxartmağın xərci daha böyükdürsə o evlərə kompensasiya verilib başqa yerə köçürülməsi təmin olunmalıdır. Onsuz da o tikintinin tikilməsində məmurların məsuliyyəti var. Heç bir vətəndaş və ya sahibkar məmurun rəsmi və ya qeyri-rəsmi razılığı olmadan bu işi həyata keçirə bilməz.
Bu halda məsuliyyət odur ki, vətəndaşa müəyyən kompensasiya verilməli, ya da başqa yerdə evlə təmin edilməlidir. Hansı ki, hökumət 2012-2013- cü illərdə bunu Bayılda etdi. Yenə bu prosesi müəyyən qədər davam etdirmək olar.
Bundan əlavə, daha kütləvi tikintilər həyata keçirilə və ya böyük bir qəsəbə salına bilər. Oradan da su kəməri və dəmiryolu xətti keçə bilər. Artıq bu, böyük qəsəbə deməkdir. Bu mənzillərin aktivlərinin dəyərlərini hesablasaq, bu 10 milyon manatdan çox vəsait deməkdir. Burada sosial yanaşma, yəni vətəndaş marağı da var. Mümkündür ki, qanunvericilikdə nəzərdə tutulmuş şəkildə həmin magistral xətlərin daşınması təmin edilsin.
O sərəncamları vermiş şəxslər bu gün vəzifədən getsə də, həyatdadırlarsa, istər icra hakimiyyəti, istər polis olsun, bu işə kim şərait yaradıbsa dövlət orqanları bu işi məhkəməyə daşımalıdır. Onların hansısa formada cərimələnməsi, sanksiya verilməsi lazımdır ki, heç olmasa indiki məmurlara da dərs olsun ki, hətta vəzifədən çıxandan sonra da bu işdən yaxa qurtarmaq olmur”.