Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin razılığı ilə Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 3-cü iclasının keçirilmə vaxtı 23 fevral 2017-ci il tarixinə təyin edilib.
Energetika Nazirliyindən FED.az-a verilən xəbərə görə, Məşvərət Şurasının növbəti iclasının təşkili ilə əlaqədar Energetika Nazirliyində bir sıra görüşlər keçirilib və müzakirələr aparılıb. Məşvərət Şurasında iştirakçıların siyahısı müəyyənləşdirilərək, iclasda iştirak məqsədilə “Cənub Qaz Dəhlizi” layihəsinə daxil olan ölkələrin (Azərbaycan, Gürcüstan, Türkiyə, İtaliya, Yunanıstan, Albaniya və Bolqarıstan), eləcə də Balkan ölkələrinin energetika nazirlərinə, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçə, beynəlxalq maliyyə təşkilatlarının rəhbərlərinə və digər maraqlı ölkələrin nümayəndələrinə dəvət məktubları göndərilib. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 3-cü iclasının proqram və gündəliyinin ilkin layihələri tərtib olunub.
Hazırda Azərbaycan Respublikasının həmin ölkələrdəki səfirlikləri vasitəsilə bu istiqamətdə müvafiq işlər aparılır, iclasın proqram və gündəliyinin yekun variantlarının hazırlanıb razılaşdırılması ilə bağlı tədbirlər görülür.
Xatırladaq ki, müvafiq layihənin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasınin yaradılması təşəbbüsü bu layihənin strateji əhəmiyyətini yüksək qiymətləndirən, eyni zamanda onun enerji sahəsindəki əməkdaşlığı daha da dərinləşdirməsi perspektivlərinə böyük önəm verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülüb. Məşvərət Şurasının işinin təşkili ilə bağlı məsələlərin icrası Azərbaycan Respublikasının Energetika Nazirliyinə tapşırılıb. “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının ilk iclası 2015-ci il fevralın 12-də, ikinci iclası isə ötən il fevralın 29-da keçirilib.
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclasının tarixi müəyyənləşib
15:20
24 Yan 2017