Böyük Britaniyanın nüfuzlu “The Nautical İnstitute” təşkilatının nümayəndə heyətinin cari ilin 6-7 iyul tarixlərində keçirdiyi yoxlamanın nəticələrinə əsasən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Təlim Tədris Mərkəzinin Dinamik Mövqe Saxlama Simulyatoruna sertifikat verilib.
Gəmiçilikdən FED.az-a bildirilib ki, bu sertifikat “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə şərait yaradır.
Məlumat üçün bildirək ki, Dinamik Mövqe Saxlama Simulyatoru gəmi mövqeyini və gəminin istiqamətini saxlamaq üçün kompüter nəzarət sistemidir.
Beləliklə, hazırda Təlim Tədris Mərkəzi dünyada “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə səlahiyyəti olan 95 mərkəzdən biri, Azərbaycanda isə yeganə təşkilatdır.
Qeyd edək ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Təlim Tədris Mərkəzi Dinamik Mövqe Saxlama Simulyatorunun sertifikatlaşdırılması və Mərkəzin “The Nautical İnstitute” təşkilatı tərəfindən akreditasiyaya alınması üçün ciddi işlər görüb. Mərkəz sözügedən təşkilatın 1 yanvar 2017-ci ildə yenilənmiş standartına uyğun olaraq Dinamik Mövqe saxlama üzrə tədris proqramları, praktiki məşğələlər və qiymətləndirmə üçün zəruri vəsaitlər hazırlayıb. Bununla yanaşı, TTM-də tətbiq edilən “Təlim İdarəetmə Sistemi” təkmilləşdirilib, Mərkəz infrastrukturunun beynəlxalq tələblərə uyğunluğu daha da artırılıb.