Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı son aylarda Çindən yayılmağa başlayan və rəsmi adı COVİT-19 olan virusun iqtisadiyyata təsirləri mövzusunda suallara cavab verib.
Eləcə də bax: Neft 30 dollara enə bilər – TƏLƏBAT AZALIR
FED.az müsahibəni təqdim edir:
- Koronavirusun qlobal iqtisadiyyata təsirini necə qiymətləndirirsiniz?
- Koronavirus özü də olmasa, onun psixoloji və iqtisadi təsirləri dünyada artıq pandemiya həddinə çatıb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatına əsasən qlobal iqtisadi artım bu il 2,9 faiz proqnozlaşdırıldığı halda, koronovirusun təsiri ilə bu göstərici 2 dəfəyə qədər azalaraq 1,5 faiz olacaq.
Eləcə də bax: Bölgələrdə ət bahalaşıb - QİYMƏT
Əsas zərbə virusun mənbəyi hesab olunan Çinə dəyib. Bu ölkədə ÜDM artımı ötən il 6,1 faiz olduğu halda, 2020-ci ilin birinci rübündə 5 faizdən də aşağı qeydə alınacaq. Lakin ikinci rübdə tempin artacağı da gözlənilir. “Morgan Stanley” şirkətinin proqnozlarına görə virusun qarşısının alınması cevikliyindən aslı olaraq Çində ÜDM-in artımı bütünlükdə 2020-ci il üçün müvafiq olaraq 5,6 – 5,9 faiz intervalında dəyişəcək.
Yaponiyada, Koreyada və Avstraliyada da iqtisadi artım yavaşımağa başlayıb. Koronovirusun təsiri domino effekti ilə Asiya-Sakit okean bölgəsindən Avropa və Şimali Amerikaya yayılmağa davam edir.
SARS virusu yayılan zaman – 2003-cü ildə Çinin dünya iqtisadiyyatındakı payı cəmi 4,3 faiz idisə, indi bu göstərici 16 faizə bərabərdir. SARS-a cəmi 8 min insan yoluxmuşdusa, bu günə olan məlumata görə koronovirusa 10 dəfə çox – 80 mindən artıq insan yoluxub. Beləliklə, koronovirusun təsiri SARS-la müqayisədə daha böyükdür.
Ötən həftə maliyyə bazarlarında çox kəskin qiymət enməsi müşahidə olunub. Ümumən 3 trilyondan artıq, inkişaf etməkdə olan ölkələrin səhm və istiqrazları isə 1,1 trilyon ABŞ dolları dəyərində ucuzlaşıb.
Dünyanın ən böyük neft idxalçısı olan Çinin “qara qızıl”a olan tələbinin azalması ilə neftin qiyməti də aşağı düşüb. “Brent” markalı neft yanvar ayından indiyədək 26 faiz ucuzlaşaraq bir barreli 51,37 dollara, “Light” markalı neftin bir barreli isə 46,15 dollara satılır.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA), məlumatına əsasən bu il hava nəqliyyatından istifadənin azalmasına görə 29,3 milyard dollar itki olacağı proqnozlaşdırılır. Çinli turistlərin yanvar ayından Avropanı ziyarət etməməsi Avropanın turizm sənayesinə bir milyard avro dəyərində zərbə vurub.
Ç inin qlobal dəyər zəncirindəki böyük payını nəzərə alaraq bir çox sahələrdə istehsal prosesinin zərər görəcəyi proqnozlaşdırılır. Bunun əsas səbəbi Çində istehsal prosesinin normalda olduğunun 60-80 faizinə düşməsidir. Bundan başqa, ticarət əlaqələri tamamilə kəsilməsə də yoxlamaların aparılması (Çindən gələn hər bir sürücü 14 gün karantində qalaraq yoxlanılır) dövriyyə sürətini azaldaraq ümumi istehsala və bununla da məhsuldarlığa mənfi təsir göstərir. Çinin Hubei vilayətində avtomobil zavodunun (Çinin avtomobil istehsalının təxminən 9 faizini təşkil edən, beş əsas avtomobil istehsal mərkəzindən biridir) bağlanması bu sahəyə də böyük zərbə vurdu. “Jaguar” və “Land Rover” kimi böyük şirkətlər istehsal prosesində önəmli detalları Çindən ixrac etdiklərinə görə həyəcan təbili çalaraq istehsal olunan məhsulların azalacağını, qiymətlərin isə buna uyğun olaraq artacağını proqnozlaşdırırlar. “Apple” şirkəti də idxal olunan detalların çatışmazlığından qiymətlərin artacağını istisna etmir.
- Siz qlobal iqtisadiyyatda dalğalanmaları qeyd etdiniz. Bu arada neft qiymətlərinin aşağı düşməsinin Azərbaycanda makroiqtisadi təsirləri necə olacaq?
- Neftin qiymətinin hər barelə görə 1 ABŞ dolları dəyişməsi cari əməliyyatlar hesabımıza illik təxminən 250 milyon ABŞ dolları təsir edir. Azərbaycan neftin hətta hər barel üçün 30 dollardan da aşağı həddinə immunitet qazanıb. Özü də 2015-ci ildə neft qiymətləri üç dəfədən çox azalmışdı. Hazırda belə kəskin azalma mümkün görünmür. Üstəlik hökümət, biznes və əhali neftin qiymət oynamalarına qarşı institutsional və psixoloji baxımdan daha hazırlıqlıdır. İndiki halda deyim ki, biz hətta neftin 40-45 dollar qiymətində də cari hesablar balansının tarazlığını qoruya bilərik. Bu da həm ciddi inflyasiya təhdidi, həm də manatın məzənnəsi ilə bağlı narahatlığın olmadığını göstərir.
Dövlət büdcəsində isə neftin hər bareli 55 ABŞ dolları hesablanıb. Büdcə qaydalarına əsasən icmal büdcə xərclərinin yuxarı həddi müəyyənləşir. Yuxarı hədd icmal büdcənin xərclənə bilən neft gəlirləri, icmal büdcənin qeyri-neft gəlirləri və icmal büdcəyə digər daxilolmaların cəmi əsasında hesablanır. Xərclənə bilən neft gəlirləri isə xalis maliyyə aktivlərinin 30 faizindən çox olmamaqla müəyyənləşir. Beləliklə, büdcənin “qızıl qayda”ları fiskal dayanıqlılığı təmin edir. Büdcə qaydalarının sadə izahı budur ki, neft qiymətləri proqnozdan yuxarı olanda strateji valyuta ehtiyatlarımız artır, əks təqdirdə ehtiyatların hesabına xərclərimizi maliyyələşdiririk. Bir növ büdcə qaydaları fiskal siyasəti “ütüləyir”.
Bu ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 1,8 milyard manat, xərcləri isə 1,4 milyard manat təşkil edib. Gördüyünüz kimi büdcədə ilk ayda nəinki kəsir, hətta 400 milyon manatdan çox profisit yaranıb. Bu ilin yanvar-fevral aylarında vergi və gömrük orqanlarının operativ məlumatları da onu göstərir ki, proqnozdan artıq vəsait büdcəyə mədaxil edilir. Nəzərə almaq lazımdır ki, bu ilin ilk iki ayında neft qiymətləri ortalama hər barel üçün 60 dolların üstündə olub. Bu hesaba həm Mərkəzi Bankın, həm də SOFAZ-ın ehtiyatları artıb. Təkcə bu ilin yanvar-fevral aylarında Mərkəzi Bankın rezervləri 243 milyon manat çoxalıb. Beləliklə, bu il ərzində proqnozdan əlavə yaranmış ehtiyatlar bundan sonra neftin qiymətinin proqnozdan aşağı olacağı bir neçə ay ərzində itkiləri kompensasiya edə bilər.
Ən əsası isə odur ki, Azərbaycanın strateji valyuta ehtiyatları 52 milyard ABŞ dolları olmaqla ÜDM-in həcmini 8 faizdən çox üstələyir. Bu da imkan verir ki, ölkənin fiskal dayanıqlılığı təmin olunsun.
- Bəs Dövlət Neft Fondunun gəlirləri və portfeli qlobal şoklara necə reaksiya verəcək?
- Bildiyiniz kimi, ötən il Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) aktivləri 38,5 milyard dollardan 12,5 faiz artmaqla 43,3 milyard dollara çatmışdır. Bu ilin ilk iki ayında da Neft Fondunun aktivləri çoxalıb.
Hazırda SOFAZ-ın portfelinin 56,6 faizini ABŞ dolları, 31,4 faizini avro və 5,1 faizini ingilis funt sterlinqi təşkil edib. Çin yuanının portfeldəki xüsusi çəkisi 1 faizə belə çatmır. “Trading Economics”-ə görə SOFAZ-ın portfelindəki əsas valyuta ABŞ dollarının 2020-ci ildə digər valyutalara qarşı tədrici bahalaşması proqnozlaşdırılır. Beləliklə, SOFAZ-ın portfelinin valyuta quruluşu əlverişlidir. Təsəvvür edin ki, keçən il valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq hesabına SOFAZ-ın büdcədənkənar gəliri 732 milyon manat təşkil edib. SOFAZ-ın portfelinin valyuta strukturu çox ehtiyatlıdır və indiki şoklara qarşı adekvatdır.
Hazırda dünyada ən riskli bazarlar səhm bazarlarıdır. Təkcə ötən həftə dünyada qiymətli kağızlar bazarında trilyonlarla dollar itki olub. Dow Jones, NASDAQ və S&P 500 son həftədə 10 faizdən çox ucuzlaşıb. Hansı ki, SOFAZ-ın portfelinin cəmi 14,1 faizini səhmlər təşkil edir. SOFAZ digər riskli aktivlər sayılan aşağı reytinqli dövlətlərin və şirkətlərin borc kağızlarına da sərmayə yatırmayıb. Beləliklə, SOFAZ-ın portfelinə aktivlər nöqteyi-nəzərindən də konservativ yanaşma var.
- Xarici borc baxımından hansı perspektivlər var?
- Hazırda Azərbaycanda xarici dövlət borcunun Ümumi Daxili Məhsula olan nisbəti 17 faiz təşkil edir ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib. Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.
Bəzən narahatlıq ifadə olunur ki, dövlətin xarici borcu az olsa da, ayrı-ayrı dövlət müssisələrinin borcları da nəzərə alınmalıdır. Bircə faktı deyim ki, 2018-ci ildə ən böyük dövlət müəssisəmiz SOCAR Qrupunun ümumi aktivləri 62,1 milyard manat olduğu halda, ümumi borc öhdəlikləri bundan 4,5 dəfə az - 13,7 milyard manat təşkil edib. SOCAR-ın cəmi kapitalı 24 milyard manata çatıb. Son 10 ildə SOCAR-ın cəmi kapitalı 3 dəfədən çox artıb. Son audit hesabatına görə Azərbaycan Beynəlxalq Bankının da aktivləri 8,6 milyard manata, kapitalı isə 1,8 milyard manata çatıb. Digər dövlət müəssisələrinin də audit nəticələrinə baxsaq təhdidedici xarici borc probleminin olmadığını görürük. Sadəcə, dövlət müəssisələrində korporativ standartların tətbiqinin daha yüksək sürətlə aparılması zərurəti var ki, bunun da qanunvericilik əsasları yaradılıb.
İkinci vacib nüans ondan ibarətdir ki, dövlət müəssisələri təbii inhisar sahələrində əhaliyə bir sıra xidmətlər göstərirlər. Həmin xidmətlərin əksəriyyətinin qiymətləri və tarifləri maya dəyərindən əhəmiyyətli şəkildə aşağıdır ki, bu fərqi də sosial rifah prinsipini əsas götürərək dövlət maliyyələşdirir.
Bütövlükdə, nə dövlət, nə də ki, qeyri-dövlət sektoru üzrə xarici borcumuz təhdidedici səviyyədə deyil. Başqa tərəfdən isə, Azərbaycanda yığım səviyyəsi çox yüksəkdir. Dünya Bankının hesablamalarına görə 2018-ci ildə Azərbaycanda yığımın ÜDM-ə nisbəti 33 faiz olmaqla, dünyanın orta göstəricisini (25 faiz), habelə, Avropa və Mərkəzi Asiya ölkələrinin (24 faiz) və bütün postsovet dövlətlərinin göstəricisini geridə qoymuşdur.
Cənab Prezident “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nı təsdiq edib. Qaydaya əsasən borc hesabına maliyyələşdirilməsi təklif edilən layihənin zəruriliyi, prioritetliyi, maliyyə dayanıqlığı, ölkənin sosial-iqtisadi inkişafına təsiri qiymətləndirilməlidir. “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”ya əsasən xarici borcun ÜDM-ə nisbəti getdikcə azalır. Maliyyə Nazirliyi artıq manatla uzunmüddətli istiqrazlar emissiya etməklə həm dövlət borcunun strukturunda xarici borcun həcmini azaltmaq, həm də milli valyutanın xüsusi çəkisini artırmaq siyasəti yürüdür.
- İndiki halda maliyyə-bank sektorunun hazırlığını necə qiymətləndirmək olar?
- Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyilə aparılan uğurlu siyasət çərçivəsində son üç ildə institutsional islahatlar, toksik aktivlərin sağlamlaşdırılması, problemli kreditlərin həlli, əmanətlərin tam sığortalanması, nağdsız dövriyyənin və rəqəmsallaşmanın dəstəklənməsi, bütövlükdə makroiqtisadi sabitliyin təmin edilməsi ilə maliyyə-bank sektoruna yeni nəfəs verilib. Digər tərəfdən bank sektoru əvvəlki böhrandan lazımi nəticələr çıxarıb və immunitet qazanıb.
Hazırda Azərbaycanda geniş mənada pul kütləsi 28,5 milyard manatdır ki, bunun da 63 faizi milli valyuta ilə ifadə olunur. Kommersiya banklarının məcmu xarici aktivləri 7,1 milyard manat və xarici öhdəlikləri 1,6 milyard manat olmaqla, xalis xarici aktivləri 5,2 milyard manatdır. Xalis xarici aktivlərdəki müsbət dəyişikliklər həm də Beynəlxalq Bankda aparılan sağlamlaşdırma tədbirləri ilə əlaqədardır. Bir sözlə, kommersiya banklarımızın balansı müsbət zonadadır ki, bu da xarici şoklara qarşı bank sektorunu daha dözümlü edir. Bank sektorunun xarici öhdəliklərinin minimal səviyyədə olması sektora təzyiqin həcmini azaldır.
Adətən belə vəziyyətlərdə dollarlaşmanın güclənməsi ehtimalı narahatlıq doğurur. Lakin Azərbaycanda indiki halda onsuz da dollarlaşma səviyyəsi yüksəkdir. Depozitlərdə dollarlaşma səviyyəsi hazırda 55 faiz təşkil edir, hansı ki, 2015-ci ilin əvvəlində - devalvasiyalardan qabaq bu göstərici 37 faiz idi. Deməli, 5 il əvvələ nisbətən depozitlərin dollarlaşması təziyiqi üzrə potensial 1,5 dəfə azalıb. Kredit portfelində də xarici valyutanın xüsusi çəkisi 1/3-ə bərabərdi. Bu halda əhali və biznes özünü daha sakit aparır.
Bank tənzimlənməsi sahəsində aparılan islahatlar da sektorun rəqabət qabiliyyətinə müsbət təsir göstərir.
Əsas ticarət tərəfdaşlarımızın valyutalarında da hələlik ciddi titrəmələr qeydə alınmır ki, bu da manatın dayanıqlığı üçün vacibdir.
- Koronavirus təhlükəsinə görə yaranan qlobal dalğalanmalar Azərbaycanın ticarət dövriyyəsinə necə təsir göstərəcəkdir?
- 2020-ci ilin yanvar ayı ərzində Azərbaycanın ixracı 2,1 milyard ABŞ dolları təşkil edib və 2019-cu ilin müvafiq dövrünə nisbətən 851 milyon ABŞ dolları və ya 66,5 faiz artıb. Bu müddətdə idxal isə 720 milyon ABŞ dolları təşkil edib və 2019-cu ilin müvafiq dövrünə nisbətən 304 milyon ABŞ dolları və ya 29,7 faiz azalıb. Yəni yanvar ayında ixracımız artıb və idxalımız azalıb. Nəticədə bu ilin yanvar ayında ticarət dövriyyəsində 1,4 milyard ABŞ dolları dəyərində müsbət saldo yaranıb. Onu da qeyd edim ki, yanvar ayında ümumi ixracımızda ilk onluqda nə Çin, nə də İran var. Bu dövlətlər əsasən idxalda önə çıxıblar. Belə ki, yanvar ayında Çindən 114 milyon ABŞ dolları, İrandan isə 24 milyon ABŞ dolları dəyərində mal idxal olunub.
2019-cu ilin rəqəmlərə nəzər saldıqda isə aydın olur ki, Çinə 752 milyon ABŞ dolları dəyərində mal ixrac etmişik, bu ölkədən idxalımız isə 1,4 milyard ABŞ dolları olub. Ötən il İrana isə 41 milyon ABŞ dolları dəyərində mal ixrac etmişik, idxalımız isə 453 milyon ABŞ dolları olub. Yəni 2019-cu ildə idxalımızın 10,48 faizi Çinin, 3,31 faizi İranın payına düşüb. Amma zərurət yarandığı təqdirdə bu idxalı da başqa ölkələrlə əvəzləmək mümkündür. Əslində bununla bağlı alternativlər də mövcuddur. Məsələn, ötən il qardaş Türkiyə Respublikası ilə ticarət dövriyyəmiz 33 faiz artıb və 4,5 milyard dollara çatıb. Amma bu rəqəmi 2023-cü ildə 15 milyard dollara çatdırılması hədəflənir. Məhz bu ilin fevral ayının 25-də Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalanan sənədlərə diqqət yetirmək vacibdir. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” imzalanıb. Cənab Prezident İlham Əliyev də vurğuladı ki, imzalanmış sənədlər, o cümlədən preferensial ticarət anlaşması ticarət dövriyyəmizin artırılmasına böyük təkan verəcəkdir. Yəni ticarət sahəsində yarana biləcək hər hansı bir problemi fürsətə çevirmək istiqamətində işlər gedir. Çindən və İrandan idxal etdiyimiz bəzi malları Türkiyə malları ilə əvəzləyə bilərik. Preferensial Ticarət Sazişi də imkan verəcəkdir ki, həmin mallar Azərbaycan bazarında daha ucuz olsun. Eyni zamanda bu saziş nəticəsində Azərbaycan ixracatçıları da Türkiyəyə qeyri-neft sektoruna aid daha çox mal ixrac etmək imkanı qazanacaqlar.
- Mühüm məqama toxundunuz. Maraqlıdır koronavirus təhlükəsi qeyri-neft ixracımıza necə təsir edəcəkdir?
- 2019-cu ilin rəqəmlərini təhlil etdik aydın olur ki, Çinə 37 milyon ABŞ dolları, İrana isə 28 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2019-cu ildəki qeyri-neft ixracımızın 1,9 faizi Çinin, 1,7 faizi İranın payına düşür. Bu ilin yanvar ayında qeyri-neft sektoru üzrə 141 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 3,4 milyon ABŞ dolları və ya 2,5 faiz artıb. Yanvar ayında Çinə 5,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Bu isə qeyri-neft ixracının 4,2 faiz deməkdir. Yəni yanvar ayında Çində problemlər olsa da bu qeyri-neft ixracımıza mənfi yöndə təsir etməyib. Əksinə bu ölkəyə ixracımız yanvar ayında 2,1 dəfə artıb. Demək istədiyim odur ki, hər iki ölkədə problem olarsa bunun qeyri-neft sektoru üzrə ixracatçılarımıza təsiri böyük olmayacaq. Bir də ixrac etdiyimiz həmin məhsullara alternativ bazarlar tapmaq olar. Elə Türkiyə ilə ticarətin genişlənməsi istiqamətində aparılan danışıqlar və imzalanan saziş bu sahədə yeni imkanlar yaradacaqdır.
Bir də ki, Çindən və İrandan koronovirusa görə dünya bazarlarına xüsusən də meyvə-tərəvəz və içkilərin ixracı azalır. Bu isə Azərbaycana imkan verir ki, daha yüksək qiymətə və daha çox həcmdə qeyd edilən məhsullarının ixracını genişləndirsin, xarici bazarlarda yeni mövqelər tutsun. Artıq Azexport.az portalına meyvə-tərəvəz və kartof üçün daha çox ixrac sifarişləri gəlməyə başlayıb. Eyni zamanda yaranmış vəziyyətdə Azərbaycan həm də idxalı əvəzləmə imkanlarına malik olacaq. Bu isə cari əməliyyatlar balansına müsbət təsir göstərəcək.
- Bir faktı da nəzərə alaq ki, koronavirus təhlükəsi tək mal yox, həm də xidmət ixracına da təsir göstərəcəkdir. Xüsusən də bu təhlükənin turizm sektoruna təsirini necə qiymətləndirisiniz?
- Bildiyiniz kimi bu problem tək Azərbaycanda yox, dünya üzrə turizm sektorun mənfi təsir göstərir. Artıq dünyanın bir çox hava yolu şirkətləri, turoperatorları problemin ciddiliyini hiss etməyə başlayıblar. Bəzi hallarda Cənub-Şərqi Asiya ölkələrinə səyahət planlaşdıranların böyük bir hissəsi səfərlərini təxirə salır. Dünya üzrə turizm sektorunun zərərlərinin milyardlarla ölçüləcəyi bildirilir. Azərbaycana gəldikdə isə, 2019-cu ildə ölkəmizə 3,2 milyon və ya əvvəlki illə müqayisədə 11,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 8,1 faizi İran vətəndaşları olub. Eyni zamanda 2019-cu ildə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 13,4 faiz artaraq 5,6 milyon nəfər olub. Ötən il Azərbaycan vətəndaşlarının 36,7 faizi İrana gedib. Başqa sözlə 2019-cu ildə Azərbaycandan İrana 2 milyon nəfər gedib və İrandan Azərbaycana 256 min nəfər gəlib. Yəni ölkəmizdən İrana gedənlər oradan gələnlərdən 8 dəfə çoxdur. Bu isə deməkdir ki, bu problem uzandığı təqdirdə Azərbaycanın İranla turizm balansında bizim xeyrimizə dəyişiklik olacaq. Bu da yuxarıda qeyd etdiyimiz kimi cari əməliyyatlar balansına müsbət təsir edəcəkdir. Azərbaycana gəldikdə isə xüsusən mart ayında ölkəmizə gələn iranlı turistlərin sayında artım müşahidə olunur. 2019-cu ilin mart ayında İrandan 35 min nəfər gəlib və bu il ərzində gələnlərin 13,7 faizi deməkdir. Şübhəsiz ki, sərhədlərin bağlanması nəticəsində İrana gedənlərin və oradan gələnlərin sayında azalma olacaq. Çinlə Azərbaycan arasında isə turizm ilkin inkişaf mərhələsindədir. Düzdür 2019-cu ildə Çindən ölkəmizə gələnlərin sayı 62,4 faiz artıb. Amma ötən il Azərbaycana Çindən cəmi 25,5 min nəfər gəlib.
Ümumiyyətlə, dünya turizmində geriləmə Azərbaycandan xaricə gedənlərin sayına mənfi təsir edəcək və bu da ölkənin valyuta balansına müsbət təsir edəcəkdir.
Bir faktı da qeyd edim ki, xüsusən də fevral ayında Çindən Azərbaycan gələnlər sayı az olduğu üçün əvvəlki illərdə də “Azərbaycan Hava Yolları” QSC Bakı-Pekin aviareysi üzrə uçuşları fevral ayında dayandırırdı. Yəni Bakı-Pekin aviareysi üzrə uçuşların dayandırılması da təkcə bu ilə aid məsələ deyil. Ümumiyyətlə, burada bir məqamı da vurğulamaq istəyirəm ki, Azərbaycan dövləti üçün vətəndaşlarının sağlamlığı və təhlükəsizliyi hər şeydən öndə gələn məsələdir. Məhz Azərbaycan vətəndaşlarının maraqları əsas alınaraq, koronavirus təhlükəsi ilə bağlı qərarlar qəbul olunur.
- Söhbəti ümumiləşdirsək, Azərbaycan üçün yaranmış qlobal şok nələri vəd edir?
- Azərbaycan qlobal iqtisadiyyatın bir parçasıdır. Qlobal miqyasda baş verən bütün proseslər, o cümlədən, mənfi təmayüllər ölkəmizə təsir göstərir. Ticarət, nəqliyyat, logistika, turizm və s. kimi sahələrin daha çox təsirlənmə ehtimalı var. Koronovirusun Azərbaycan iqtisadiyyatına təsirləri qlobal miqyasda gedən proseslərdən asılı olacaqdır. Bunun üçün hökümət koronovirus böhranının təsirlərini azaltmaq üçün bütün zəruri tədbirləri görür. Bunun üçün cənab Prezidentin göstərişi ilə Nazirlər Kabineti yanında operativ qərargah yaradılıb.
Forbes jurnalı yazır ki, koronavirus səbəbindən Çin dünyada istehsal sahəsində hab funksiyasını itirə bilər. Koronovirus böhranından sonra transmilli şirkətlər dəyər zəncirlərini Vyetnam, Banqladeş və başqa Asiya ölkələrinə keçirmək barədə düşünürlər. Azərbaycan kimi sabit, enerji daşıyıcıları və əmək qüvvəsi ucuz olan, habelə infrastrukturu inkişaf edən ölkələrin yaranmış vəziyyətdən istifadə edərək dəyər zəncirlərində iştirak payını artırmaq imkanları var. Məsələn, ABŞ-la yeni ticarət müqaviləsi imzalamış Meksika Çinin “qlobal fabrik” kimi mövqeyinin zəifləməsindən istifadə edib, “mavi yaxalıq bum”una (blue collar boom) hazırlaşır.
Əlbəttə, bundan əvvəlki ebola, SARS və başqa xəstəliklərdə olduğu kimi COVİT-19 adlanan bu virusun da yayılma miqyası və yan təsirləri bəlli bir kuliminasiya nöqtəsinə kimidir. Qlobal və milli səviyyədə yaranan itkilər kuliminasiya nöqtəsindən sonra bərpa olunacaq. Azərbaycan dövləti də bu qlobal şokun təsirini azaltmaq, daha az itki verməklə dövrü geridə qoymağa çalışır. Bunun üçün vacib şərtlərdən biri də virusun özündən də sürətlə yayılan informasiya ilə manipulyasiya etməməkdir. Çünki panika bəzən problemin miqyasını dəfələrlə artırır. Xatırladım ki, dünyada Çindən sonra ən çox virusa yoluxma halı olan üç ölkədən biri – İranla sərhədimiz 765 km-dir. Xüsusən də nəzərə almaq lazımdır ki, İranda da ən çox yoluxma halı olan vilayətlərdən biri – Gilan ostanı Azərbaycanla sərhəddədir. Bu halda Azərbaycan insanlarının sağlamlığını qorumaq və iqtisadiyyata olan mənfi təsirləri azaltmaq üçün dövlətlə bərabər hamı birlikdə çalışmalıdır. Xüsusən də, bu aralarda kəmfürsətçillik etmək daha çox qəbahətdir. Məsələn, Çinin və dünyanın aparıcı biznesləri sosial məsuliyyətini başa düşərək problemin həlli üçün dəstək tədbirləri həyata keçirirlər. İnanırıq ki, Azərbaycan dövləti qlobal miqyasda yaranmış bu sınaqdan da uğurla çıxacaq.