İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2020-ci ilin 1-ci rübü üzrə «İxrac İcmalı»nı təqdim edib.
Eləcə də bax: Yanvar-mart aylarında qeyri-neft ixracında - VƏZİYYƏT AÇIQLANIB - RƏQƏMLƏR
FED.az xatırladır ki, ilin birinci rübü, xüsusilə də koronavirus pandemiyasının tam gücü ilə hiss olunduğu mart ayında Azərbaycandan qeyri-neft ixracı göstəriciləri xüsusilə maraq doğurur.
Xatırladaq ki, yanvar ayında qeyri-neft sektoru üzrə ixrac 141 milyon dollar, fevral ayında isə 155 milyon dollar təşkil edib. Bu gün açıqlanan rəqəmlər göstərir ki, mart ayında azalma baş versə də, bu kəskin olmayıb.
Belə ki, hesabata görə, 2020-ci ilin mart ayında qeyri-neft sektoru üzrə ixrac 133 milyon dollar təşkil edib. Bu fevral ayı ilə müqayisədə 14,2% azdır.
Bu ilin mart ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (46,4 milyon ABŞ dolları), Türkiyəyə (29 milyon ABŞ dolları), İsveçrəyə (12 milyon ABŞ dolları), Gürcüstana (8 milyon ABŞ dolları) və Ukraynaya (6,2 milyon ABŞ dolları) ixrac edilib.
Ümumilikdə 2020-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda qeyri-neft sektoru üzrə 429 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-mart ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 13,7 milyon ABŞ dolları və ya 3,3 faiz artıb.