İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Koreya İdxalçılar Assosiasiyasının (KOIMA) rəhbərlik etdiyi Cənubi Koreya şirkətlərinin Azərbaycana alıcı missiyasına həsr olunmuş tədbir keçirilib.
FED.az xəbər verir ki, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin Koreyanın ticarət və investisiyaları təşviq edən təşkilatları ilə qurulan sıx əməkdaşlıq əlaqələri haqqında bəhs edərək, birgə işgüzar tədbirlərin təşkil edilməsini, o cümlədən Koreyada keçirilən sərgilərdə yerli ixracatçıların iştirakını iki ölkənin sahibkarları arasında tərəfdaşlığın dərinləşdirilməsinə töhfə verdiyini bildirib.
Tədbirdə çıxış edən Koreyanın Azərbaycandakı səfiri Li İn-Yonq ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirərək, Koreyada Azərbaycana marağın əhəmiyyətli dərəcədə artığını qeyd edib.
KOIMA-nın sədri Kim Ben-Kvan Koreya sənayesinin fəaliyyətində idxal mallarının mühüm rolunu qeyd edib. O, Azərbaycanın sənaye və kənd təsərrüfatı məhsullarına Koreyada mühüm tələbin olduğunu bildirərək, ixracın genişləndirilməsi potensialını yüksək qiymətləndirib.
Tədbirin sonunda koreyalı nümayəndə heyəti 30-dan çox Azərbaycan şirkətinin təmsil olunduğu sərgidə yerli məhsullarla tanış olub, onların dequstasiyasını keçiriblər.
Qeyd edək ki, Koreya nümayəndə heyəti alıcı missiyası çərçivəsində ölkənin müxtəlif regionlarında qida və şərab istehsalı müəssisələrini ziyarət edəcək, həmçinin müxtəlif qurumlarla görüşlər keçirəcək.